Azərbaycanın Hacıqabul rayonundakı Axtarma-Paşalı vulkanı püskürüb.
Bu barədə APA-ya Hacıqabul rayonu Udulu kənd icra nümayəndəliyindən məlumat verilib. Məlumatda bildirilib ki, püskürmə bu gecə saat 03 radələrində qeydə alınıb və səhər saatlarına qədər davam edib.
Udulu qəsəbəsi ərazisində püskürən vulkan Azərbaycanın ən böyük vulkanlarından biridir. Bundan əvvəl - 2013-cü ilin aprel ayında püskürən vulkan Şirvan şəhərinin 35 km-liyində yerləşir, cənub-şərqi Şirvan ərazisindədir. Odla müşayiət olunan vulkan 30-35 metr hündürlüyə qədər qalxıb, ətraf ərazilərdən aydın müşahidə olunub. Vulkan palçığının orta qalınlığı 1 metr 20 sm-dir və 18 hektar sahəni örtüb.
Püskürən vulkanla bağlı Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun mütəxəssisləri tərəfindən araşdırma aparılacaq.
Bunu isə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru, professor Adil Əliyev deyib.
Onun sözlərinə görə, ilkin məlumatda Axtarma Paşalı vulkanın püskürdüyü bildirilsə də, onun yanındakı vulkan da püskürə bilər.
A.Əliyev də qeyd edib ki, Axtarma Paşalı vulkanı 1-2 il bundan əvvəl püskürmüşdü. Onun yanındakı vulkan isə 15 ildir ki, püskürmür.
.