
Bir neçə gün öncə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovun bağlanacaq banklarla bağlı açıqlaması bank sektorunda və əmanətçilər arasında ajiotaj yaradıb. Rəsmi dairələr bunu etiraf etməsələr də artıq bəzi banklar həyacan təbili çalmaq məcburiyyətində qalıblar. Hər halda atılan müəyyən addımlar (banklarda kredit faizlərinin aşağı salınması, əhalidə banklara qarşı etibarlılığın qorunub saxlanılması üçün aparılan islahatlar və s.) göstərir ki, bu sahədə vəziyyət heç də ürəkaçan deyil. Bu barədə infoAZ.org-a daxil olan məlumatlarda bildirilir ki, əhali banklara yatırdığı pullarını geri götürməyə başlayıb. Əldə etdiymiz məlumata görə, artıq ölkədə əmanətçilərin 11 faizə qədəri əmanətini alıb, müraciət edənlər də kifayət qədərdir. Bank sektorunda çalışan ekspertlərdən biri ilə söhbətimizdə məlum oldu ki, bu tendensiya sürətlənərsə, bankların əksəriyyəti iflasa uğrayacaq. Çünki hazırda əhalinin banklara yatırdığı pullar kreditə verilib. Kreditə verilən pulları isə hüquqi cəhətdən almaq mümkün deyil. Hətta vaxtı çatan kreditləri almaq belə müşkülə çevrilib. Ekspertin sözlərinə görə, bu gün banklar və kreditorlar arasında məhkəmə çəkişmələrinin sayı-hesabı yoxdur.
Ekspert bildirib ki, problemi çözmək üçün 2 yol göstərilir: "Bəziləri hesab edir ki, Azərbaycanda bankların bir çoxu hakimiyyətdə təmsil olunan oliqarxlara məxsus olduğu üçün, problem dərinləşəcəyi təqdirdə onlar öz vəsaitləri hesabına əhalinin pullarını qaytara bilərlər. Amma bu baş tutan deyil. Şəxsən mən gözü doymayan oliqarx məmurların belə bir addımı atacağına inanmıram. Bəziləri isə hesab edir ki, dövlət bankları vəziyyətdən çıxara bilər. Amma bu da inandırıcı deyil. Çünki hal-hazırda neftin qiyməti dünya bazarında gündən-günə ucuzlaşır. Azərbaycan iqtisadiyyatı isə yalnız neftin üzərində dayanıb. Bu isə inandırıcı görsənmir ki, dövlət banklara əlavə yardım göstərə bilsin. Dövlət yalnız banklara müəyyən güzəştlər edə bilər ki, onu da artıq edib".
Ekspert bir daha vurğulayıb ki, əmanətlərin götürülməsi kütləvi xarakter alacağı təqdirdə Azərbaycanda bank sektorunun çökəcəyi labüddür.
.