Demokratiyanın əsas göstəricilərindən sayılan söz və məlumat azadlığı prinsipi dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayır. Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir. Fikir, söz və məlumat azadlığı, sərbəst düşüncənin ifadə olunması üçün hüquqların təmin olunması kütləvi informasiya vasitələrinin və bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsəd olmaqla bərabər, ölkənin demokratik inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan verən əsas elementlərdəndir. İnsan hüquq və azadlıqlarının ayrılmaz hissəsi olan söz, fikir və ifadə azadlığı və bunların təminatı hər bir ölkədə demokratiyanın nə dərəcədə inkişaf etdiyinin və demokratik təsisatların nə dərəcədə uğurlu işləməsinin əsasını təşkil edir. Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərinin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir.

“İndi Avropa təsisatlarında daha aydın təsəvvür var ki, insan hüquqları və media azadlığına dair problemlərin olması təəssüratı şişirdilib. Çünki Azərbaycanda media ilə bağlı məhdudiyyətlər yoxdur, bizdə azad internet var və senzura mövcud deyil”.- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində bildirib.

Faktdır ki, Azərbaycanda söz və fikir azadlığının təmin olunması məqsədilə lazım olan bütün addımlar atılmaqdadır. Məqsəd ondan ibarətdir ki, hər bir Azərbaycan vətəndaşı öz fikrini azad şəkildə ifadə edə bilsin. Hətta bu kimi məsələlər ölkə başçısı tərəfindən qəbul edilən dövlət proqramlarında xüsusi bəndlə əksini tapıb. Məlum olduğu kimi Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı qəbul edilib. Sənəddə qeyd olunur ki, qarşıda duran əsas vəzifələrdən biri müasir dəyərlərə və prinsiplərə əsaslanan informasiya cəmiyyətinin inkişaf etdirilməsidir. Azərbaycanda informasiya cəmiyyətinin formalaşmasına dövlət qayğısı, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, onun xalqımızın rifahına xidmət edən aparıcı amilə çevrilməsi ölkəmizin gələcək perspektivlərinə hesablanmış siyasətin tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 17 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003- 2012)"nın və onun icrası ilə bağlı qəbul edilmiş dövlət proqramlarının həyata keçirilməsi nəticəsində təhsil, səhiyyə və digər sosial sahələrdə, iqtisadiyyatda, biznes fəaliyyətində, gündəlik həyatda İKT-nin imkanlarından istifadə səviyyəsi nəzərəçarpacaq dərəcədə artmışdır. Ölkədə ən son texnoloji yeniliklər tətbiq edilmiş, internetə simli, simsiz, mobil texnologiyalarla çıxış imkanları yaradılmışdır. Bunun sayəsində əhalinin 75 faizi internet, onların 65 faizi isə genişzolaqlı internet istifadəçisinə çevrilmişdir. Evlərdə, iş yerlərində istifadə edilən kompüterlərin sayı artmışdır. Mobil sektor sürətlə inkişaf etmiş, 3G və 4G xidmətləri tətbiq olunmuşdur. İlk telekommunikasiya peyki "Azerspace-1" və yer səthinin müşahidə peyki "Azersky" orbitə çıxarılmış və bununla da Azərbaycan kosmik ölkələr sırasına qoşulmuşdur. İKT üzrə yüksəkixtisaslı kadr hazırlığı genişləndirilmiş, "elektron hökumət" üzrə genişmiqyaslı layihələr həyata keçirilmiş və cəmiyyət üçün vacib olan elektron xidmətlər təşkil edilmişdir. Azərbaycanda informasiya cəmiyyətinin formalaşdırılması sahəsində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir. Ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqının "İnformasiya cəmiyyətinin ölçülməsi" hesabatlarında inkişaf dinamikasına görə ilk onluğa daxil olan dövlətlər sırasındadır. Dünya İqtisadi Forumunun "Qlobal informasiya texnologiyaları-2016" hesabatında Azərbaycan Respublikası "Şəbəkə hazırlığı indeksi" göstəricisinə görə 139 ölkə arasında 53-cü yerə layiq görülmüşdür. Ölkədə informasiya cəmiyyətinin formalaşdırılması üzrə siyasətin davam etdirilməsi, yeni inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, dövlət idarəçiliyində, biznes sektorunda və ümumilikdə cəmiyyətdə hər bir vətəndaşın İKT-nin imkanlarından faydalanması üçün əlverişli şəraitin daha da genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli 359 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya" təsdiq edilmişdir. Milli Strategiyanın icrasını təmin etmək məqsədilə "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı" hazırlanıb. Dövlət Proqramında Milli Strategiya ilə müəyyən edilmiş 8 istiqamətdən 7-si üzrə konkret tədbirlər nəzərdə tutulmuşdur. Milli Strategiyanın "elektron hökumət"in inkişafı" istiqamətinin yerinə yetirilməsi üzrə tədbirlər digər dövlət proqramı çərçivəsində həyata keçiriləcəkdir. Dövlət Proqramının hazırlanmasında beynəlxalq təcrübə, texnoloji yeniliklər və inkişaf meyilləri nəzərə alınmış, vətəndaş, cəmiyyət, dövlət prioritetləri və onların informasiya cəmiyyətinin imkanlarından səmərəli istifadəsi əsas götürülmüşdür. Dövlət Proqramı ilə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə özəl sektorun və qeyri-hökumət təşkilatlarının fəal cəlb olunması, vətəndaş və ictimai təşəbbüslərin irəli sürülməsi və onların reallaşdırılmasında birgə fəaliyyətə şərait yaradılması planlaşdırılır.

Müasir jurnalistika sosial şəbəkələr, sosial media ilə sıx bağlıdır. Hər bir vətəndaş informasiya daşıyıcısı olur. Bloggerlərin sayının artmasına səbəb olur. Onların fəaliyyəti isə öz növbəsində cəmiyyətin mövgeyinin formalaşmasına təsir edir. Bunu da unutmamalıyıq ki, hər bir vətəndaş hansı sahədə fəaliyyət göstərməyindən aslıolmayaraq qanun qarşısında eyni məsuliyyəti daşıyır. Söz azadlığına sığınaraq, vətəndaşlar- jurnalistlər və ya bloggerlər qanunazidd hərəkət və fəaliyyət göstərə bilməz! Medianın cəmiyyətin və dövlətin inkişafında rolu da böyükdür. Bu gün Azərbaycanda sürətli islahatlar aparılır. Hər bir sahədə şəffaflığın təmin edilməsi üçün, ölkə başçısı daima həm media nümayəndələrini, həm də hər bir vətəndaşı ictimayi nəzarətin həyata keçirilməsində fəal iştirak etməyə çağırır.

Bütün bunlar bir daha sübut edir ki, bu gün Azərbaycanda azad mətbuat inkişaf edir və onun qarşısını heç bir qüvvə ala bilməz. Çünki bu, sosial sifarişə, ən əsası isə cənab prezident İlham Əliyevin siyasi iradəsinə əsaslanır.

Aslan Mehdiyev

Binəqədi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, Qarabağ müharibəsi veteranı

 

.