Azərbaycanın qida sektorunda iri şirkətlərdən birinin şəbəkə və data serverlərinə kiberhücum olması barədə Daxili İşlər Nazirliyinə məlumatlar daxil olub.

Nazirlikdən  verilən xəbərə görə, kiberhücumu həyata keçirən şəxslərin şifrələnmiş məlumatları polis əməkdaşları tərəfindən diqqətlə təhlil olunub və tətbiqi proqram təminatları vasitəsilə həmin şəxslərin kimliyi və koordinat məlumatları təyin edilib. Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində cinayəti törədən dəstə üzvləri Murad Rzayev, İbrahim Ələsgərov və Elvin Əliməmmədov xüsusi alqoritmlərdən və sosial mühəndislik üsullarından istifadə edərək şirkətin serverlərində yerləşən kommersiya sirri təşkil edən məlumatlara məsafədən giriş etməyə müvəffəq olmaqla ələ keçirdikləri məlumatları 60.000 manata satarkən saxlanılıblar.

Onlar məlumat axınının davamlığını təşkil edəcəklərinə dair vədlər verərək hər ay üçün əlavə 10.000 manat ödəniş tələb ediblər. Faktla bağlı AR CM-in 271.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompyuter sisteminə qanunsuz daxil olma) və 272.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompyuter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işi başlanılaraq adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

 

.