Azərbaycanda ötən il güzəştli kreditlərin məbləği 127 mln. manat təşkil edirdisə, cari ilə bu rəqəmin 130 mln. manat təşkil edəcəyi hədəflənir.

Bunu Sahibkarlığın İnkişafı Fondu (SİF) ötənilki fəaliyyəti və bu il qarşıda duran vəzifələrinə həsr olunan onlayn mətbuat konfransında çıxış edən Fondunun İdarə Heyətinin sədri Kənan Nəcəfov deyib.

Onun sözlərinə görə, cari ildə qeyri-neft sahəsinin əksər sektorları ilə yanaşı elektron ticarətin, tikinti sektorunun, dağ mədəni, logistika və sərnişindaşıma, rəqəmsal bizneslərin və digər sahələrin inkişafına da maliyyə dəstəyinin verilməsi nəzərdə tutulur.

"Zəmanət və subsidiyaya gəldikdə, pandemik sahələr üçün, burada bizim hədəfimiz odur ki, 370 mln. manatı məbləğində bank kreditlərinin verilməsini mümkün edək. Ötən il bu rəqəm 148 mln. manat təşkil edib", - deyə K. Nəcəfov qeyd edib.

Mövcud kreditlərin subsidiyalaşdırılmasına gəldikdə, Fondun sədri bildirib ki, bu istiqamət üzrə ötən il 20 mln. manat ödənilib. Ümumi büdcə 100 mln. manat təşkil edir.

K. Nəcəfov onu da əlavə edib ki, Fonda güzəştli kreditlər üzrə edilən müraciətlərin 83%-i müsbət qiymətləndirilib. Dövlət zəmanəti üzrə yeni biznes kreditlərin verilməsi üzrə isə Fond tərəfindən 13%-nə zəmanət verilib. Mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması üçün müraciətlərin isə 84%-i SİF tərəfindən müsbət qərar qəbul edilib.

Azərbaycan sahibkarlarına yeni məhsullar təqdim olunacaq

Sahibkarlığın İnkişafı Fondu (SİF) dörd mərhələdə bazara yeni məhsullar təqdim etməyi planlaşdırır.

Bunu SİF-in ötənilki fəaliyyəti və bu il qarşıda duran vəzifələrinə həsr olunan onlayn mətbuat konfransında çıxış edən Fondunun İdarə Heyətinin sədri Kənan Nəcəfov deyib.

Onun sözlərinə görə, ilk mərhələyə yaxın vaxtlarda start veriləcək və burada dövriyyə kapitalı üçün kreditlərin ayrılması nəzərdə tutulur: "Biz bunları daha ucuz və daha güzəştli şəkildə təklif etmək istəyirik. Eyni zamanda, lizinq kimi mexanizmin də yaxın zamanlarda təklif olunacağı gözlənilir. Bunlar da güzəştli kredit kimi, birbaşa deyil, müvəkkil kredit təşkilatları vasitəsilə veriləcək. Yəni lizinq şirkətləri vasitəsilə veriləcək".

Fondun rəhbəri əlavə edib ki, ilk mərhələni keçəndən sonra digər yeni kredit alətlərinin də təklif olunacağı gözlənilir.

"Ola bilsin ki, kapital bazarının digər alətlərini istifadə edək. Məsələn, gələcəkdə hər hansı seçilmiş şirkətlər istiqraz buraxsın və biz onların istiqrazlarını alaraq kredit əvəzi maliyyələşdirmə verək. Biz bunu özəl sektorla rəqabətdə deyil, onlara kooperasiyada dəstək verərək etmək niyyətindəyik", - deyə K. Nəcəfov qeyd edib.

.