“Azərbaycanda yerli jurnalistikanın təmsilçilərini özündə birləşdirən müxtəlif birliklər və təşkilatlar mövcuddur, lakin bu günə qədər ölkədə rusdilli jurnalistləri birləşdirəcək bir qurum olmayıb. Odur ki, bu boşluğu doldurmağa qərar verdik".

APA-nın məlumatına görə, bu barədə yeni yaradılan Azərbaycan Rusdilli Jurnalistlər Assosiasiyasının sədri Habil Ağazadə deyib.

H.Ağazadənin sözlərinə görə, məlum olduğu kimi, Azərbaycanda, postsovet dövrünün bir çox ölkələrindən fərqli olaraq, həm rusdilli təhsil müəssisələrini, həm də rusdilli mətbuatı qorumaq mümkün olub, bu gün isə rusdilli jurnalistləri bir assosiasiyada birləşdirməyə ehtiyac var.

“Artıq qurumun Nizamnaməsini hazırlamışıq və düşünürəm ki, yaxın gələcəkdə assosiasiya Azərbaycan Ədliyyə Nazirliyində qeydiyyatdan keçəcəkdir. Bundan sonra da tam hüquqlu işə başlaya biləcəyik. Planlarımız çoxdur, amma əsas hədəflərimizdən biri də Azərbaycanla bağlı həqiqətləri xaricdə yaşayan rusdilli vətəndaşlara çatdırmaq, xarici həmkarlar ilə ünsiyyət qurmaq və sair işlərdir”, - deyə H.Ağazadə bildirib.
 

.