Goranboy rayonunda bədbəxt hadisə baş verib. 78 yaşlı qadın odun sobasının üzərinə yıxılaraq yanıb.
Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından anspress-ə verilən məlumata görə, rayonun Xoylu kənd sakini, 1937-ci il təvəllüdlü Ağgül Kərim qızı Mehdiyeva qızınmaq üçün yanmaqda olan odun sobasının yanına gəlib. Qadın qızındığı zaman əlinə odun parçası alıb sobaya atmaq istəyib. Lakin qəfildən arxasıüstə sobanın üzərinə yıxılıb və çoxsaylı yanıq xəsarətləri alıb. Yanan qadını ailə üzvləri dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıblar.
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən qadının vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Goranboy Rayon Polis İdarəsində araşdırılma aparılır.
Odun sobasının səbəb olduğu növbəti bədbəxt hadisə 3 gün əvvəl Samuxun Kolayır kəndində baş verib. Kənd sakini 1974-cü il təvəllüdlü Aftandil Məmmədov sobaya dizel yanacağı əvəzinə səhvən benzin töküb. Güclü alov nəticəsində A. Məmmədov və onun 2004-cü il təvəllüdlü oğlu Əziz Məmmədov müxtəlif yanğın xəsarətləri alıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılmış, yanan ev isə FHN əməkdaşları tərəfindən söndürülmüşdü.
