
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
İradə Gülməmmədova buna qədər Abşeron Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsində çalışıb. O, həmçinin Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının üzvüdür.
Bundan əlavə prezident İlham Əliyev Zakir Fərəc oğlu Fərəcovun Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın xəbərinə görə, başqa bir sərəncamla Eldar Əziz oğlu Əzizov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarılıb.
Nəsib Məhəmməd oğlu Məhəməliyev Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bakının Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Yunis oğlu Əsgərov bu vəzifədən azad olunaraq Nəsimi rayon İcra Hakimiyyətinin, Eldar Əzizov isə Səbail rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Qeyd edək ki, Bakının Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov isə bir müddət öncə vəzifəsindən azad olunaraq Dövlət Statistika Komitəsinin sədri təyin edilib.
.