Servis xidmətlərin baha olması səbəbindən Azərbaycanda atmosferin çirklənməsinin qarşısını alan hibrit avtomobillərinə meyl də yox dərəcəsindədir. Bu fikri novoye-vremya saytına müsahibəsində AzərbaycanTexniki Universitetinin avtomobil nəqliyyatı fakültəsinin dekanı Sülhəddin Gözəlov deyib: "Avtomobillərin alretnativ yanacaqla işləməsi məsələsi hazırda praktik olaraq bütün dünyanı düşündürın məsələdir. Çünki avtomobil nəqliyyatının ətraf mühitə vurduğu ekoloji ziyan digər sənaye sahələrilə müqayisədə çox yüksək səviyyədədir. Ona görə də avtomobil nəqliyyatında ekoloji təhlükəsizliyin təmin olunmasının konstruktiv istiqamətlərindən biri maşının konstruksiyasını təkmilləşdirmək, mühərrikin daha təkmil bir varianta gətirilməsi məsələsidir. Bu amil də son 10 ildə ən perspektivli görünən hibrit avtomobillərin tətbiqini nəzərdə tutur. Hibrit avtomobilləri maşının konstruksiyasında olan akumlyator batareyalarının enerjisilə hərəkət edir və onun gücü maşını aşağı sürətlərdə idarə etməyin mümkün olmasına təminat verir. Amma burada sürət həddi var. Həmin həddi keçəndə batareyalar deyil, artıq avtomobilin daxili yanma mühərriki işə düşür və bu da sürətlənməyə imkan verir. Praktik olaraq şəhər şəraitində sürət rejimi də aşağı qiymətlərdə olduğundan daxili yanma mühərrikinə də ehtiyac qalmır. Belədə də ətraf mühit çirkləndirilmir. Dünya, o cümlədən Avropa, Yaponiya birmənalı şəkildə hibrit avtomobillərini geniş tətbiq edir. Azərbaycana gəldikdə, ölkəmizdə də hibrit avtomobilləri var. Bəzi insanlar öz şəxsi avtomobillərini bu tip maşınlarla zənginləşdirib. Amma ümumi götürdükdə, ölkəmizdə belə maşınlara meyl yoxdur. Bu da onunla balığır ki, bizim şəraitdə həmin avtomobillərin servis və müasir texniki təchizatı məsələləri, yəni onun gətirilməsi, təmir və qulluq göstərilməsi xeyli dərəcədə baha başa gəlir. Azərbaycanda bu bahalıq infrastruktur elementləri olmadığından özünü daha kəskin göstərir. Ona görə də Azərbaycan bu tip avtomobillərin istismarına qismən də olsa hazır deyil. Görünür ölkədə avtomobillərin sayı həddən artıq çox olanda, ekologiya bizi küncə sıxanda Azərbaycan da hibrit avtomobillərin ciddi şəkildə tətbiqinə istiqamət verəcək”.
Rüfət Sultan
.