Azərbaycan Prezidenti İlham Əliyev pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə əmək pensiyalarının baza hissəsinin artırılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilib.
Dövlət Sosial Müdafiə Fonduna tapşırılıb ki, Azərbaycanın Milli qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin,əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin bu sərəncama uyğun olaraq artırılaraq yenidən hesablanmasını təmin etsin.
İlham Əliyev bu gün məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında da sərəncam imzalayıb.
Sərəncama əsasən, "Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” Azərbaycan Prezidentinin 2013-cü il 22 avqust tarixli 3079 nömrəli sərəncamının 1-ci hissəsi ilə müəyyən edilən aylıq müavinətin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılıb.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Prezidentin növbəti sərəncamı ilə isə şəhid ailələrinə verilən təqaüdlər artırılib.
Fərmanla "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan
Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli fərmanında dəyişiklik edilib.
Fərmana əsasən, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği 10 faiz artırılaraq 2016-cı il fevralın 1-dən 220 (iki yüz iyirmi) manat müəyyən edilib.
Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.
İndiyədək şəhid ailələri ayda 200 manat təqaüd alırdılar.
.
