""Avro-4” standartlarına keçid Azərbaycanın avtomobil bazarına ciddi təsir göstərib. Belə ki, bu standart ili köhnə olan avtomobillərin qiymətlərində artıma, ili yeni olan, lakin istismar olunan avtomobillərin qiymətlərində isə azalmalara səbəb olub”. Bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, ölkəmizə idxal olunan avtomobillərin siyahısı müəyyənləşib və nəticədə Avropanın 2005-ci il, Yaponiyanın isə 2011-ci il istehsalı olan avtomobillərinin ölkəmizə idxalı qadağan olunub: " "Avro-4” standartının tətbiqi Azərbaycana idxal edilən avtomobillərin sayının azalmasına səbəb olub. Eyni zamanda həm avtomobillərin, həm də bir sıra avtomobillər üçün istehsal edilən məhsulların qiymətlərində artımlar var. Hazırda müşahidə edilən tendensiyaya əsasən, ili köhnə olan avtomobillərin qiyməti 5% bahalaşıb. Artımlar birmənalı şəkildə bu avtomobillərə tələbatın artması və onların ölkəyə idxal olunmasına qoyulan qadağa ilə əlaqədardır. Ehtimal var ki, ayın sonuna kimi bu artımlar stabilləşəcək”.
Ekspert bildirib ki, ili nisbətən yeni olan, 2005/2010-cu illərin istehsal edilən avtomobillərin qiymətlərində isə 7% azalma müşahidə olunur: "İli nisbətən yeni olan avtomobillərin qiymətlərinin baha olması və onların ölkəyə idxalının qadağan olunmaması bu kimi nəqliyyat vasitələrinə olan tələbatı azaldır. Bu isə qiymətin ucuzlaşmasına səbəb olur. Sıfır kilometr, yəni yeni istehsal olunmuş avtomobillərin qiymətlərində isə heç bir dəyişiklik yoxdur. Onlar alıcılara öncəki qiymətlərlə təklif olunurlar”.
Bundan əlavə ekspertlər bildirirlər ki, dizel yanacaqlı avtomobillərin qiymətində də bahalaşma müşahidə edilir. Əhali xüsusilə artıq dizel yanacaqlı avtomobillərə üstünlük verir. Çünki dizel yanacaqlı avtomobillər benzindən fərqli olaraq yanacağı az sərf edir və qiyməti də ucuzdur. Elə bu səbəbdən də dizel yanacaqlı avtomobillərin qiymətində artım getdikcə müşahidə olunur.
Ekspertlərin sözlərinə görə, artıq dizel yanacaqlı avtomobillər bazarda satışı 1500-2000 manat baha qiymətə satılır.
.