Azərbaycanda "Premium Euro-95” markalı benzinin qiyməti artıb.
"APA-Economics”in məlumatına görə, ölkəyə xaricdən gətirilən və qiyməti bundan əvvəl 93 qəpiyə satılan bu növ yanacaq 4 qəpik artaraq 97 qəpik olub.
Ölkədə geniş yanacaqdoldurma məntəqələrinə (YDM) sahib olan şirkətlərdən APA-ya verilən məlumata görə, qiymət artımı bu gündən etibarən baş verib.
"Lukoyl Azərbaycan” şirkətindən bildirilib ki, "Premium Euro-95” markalı benzini Azərbaycan Dövlət Neft Şirkətinin tövsiyə etdiyi qiymətə uyğun olaraq satır: "Bildiyiniz kimi, bu növ yanacaq sərbəst qiymətlərlə satılır və gecə saatlarından etibarən qiymət 97 qəpik təşkil edib”.
"Azpetrol” şirkətindən sayta bildiriblər ki, sözügedən yanacaq markasının qiymətinin artmasına səbəb dünya bazarlarında neftin qiymətinin dəyişilməsidir: "Azərbaycanda yalnız iki şirkət - "SOCAR Petroleum" və "Azpetrol” "Premium Euro-95” markalı benzinin ölkəyə gətirilməsi ilə məşğuldur. "Azpetrol” adıçəkilən benzin markasını Yunanıstandan idxal edir. Dünya bazarında neftin qiymətində baş verən artım "Premium Euro-95” markalı benzinin satış qiymətinə təsirini göstərib”.
ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə açıqlamasında bildirib ki, şirkət "Premium Euro-95” markalı benzinin satış qiymətinin artırılması ilə bağlı heç bir şirkətə tövsiyə verməyib.
"Bir şirkətin başqa bir şirkətə bu istiqamətdə tövsiyə verməsi o qədər də inandırıcı deyil”, - deyə o bildirib.
Qeyd edək ki, Azərbaycanda yanacaqdoldurma məntəqələrində satılan "Premium Euro-95" benzini ölkəyə xaricdən idxal edilir və idxal edilən benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir.
.