Azərbaycanda bir müddət əvvəl fəaliyyətini dayandıran türk liseyləri kimi tanınan və "Çağ Öyrətim İşlətmələri” şirkətinə məxsus olan məktəblərin fəaliyyəti bərpa olunub.
"Bundan sonra tədris müəssisələri akademik Zərifə Əliyeva adına liseylər kimi fəaliyyətini davam etdirəcək. Tədris sistemi Təhsil Nazirliyinin əsasnamələri əsasında həyata keçiriləcək. Məktəbdə çalışan müəllimlərin ştatında və dərs prosesində isə heç bir dəyişiklik olmayacaq. Hər şey əvvəlki qaydasında olacaq”.
Bunu Modern.az saytına türk liseylərində təhsil alan şagirdlərin Valideynlər Şurasının rəhbəri Gülnarə Bağırova deyib.
G. Bağırova qeyd edib ki, yaxın vaxtlarda valideynlərlə görüş keçiriləcək.
Qeyd edək ki, bu il iyunun 18-də Dövlət Neft Şirkətinin (ARDNŞ) nəzdindəki Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və "Araz Kursları" MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərar verilib. Bu liseylərdə minlərlə şagird təhsil alırdı. Onlardan hətta növbəti tədris ili üçün təhsilhaqqının müyyən məbləği də yığılmışdı.
Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin 11 ümumtəhsil müəssisəsi bağlanıb. Bağlanan həmin "türk liseyləri" aşağıdakılardır:
Ağdaş Liseyi
Bakı Liseyi
"Dədə Qorqud” Liseyi
"Qafqaz” Gimnaziyası
Gəncə Liseyi
Quba Liseyi
Lənkəran Liseyi
Mingəçevir Liseyi
Sumqayıt Liseyi
Şəki Liseyi
Şirvan Liseyi
.