"Sumqayıt hadisələri erməni tərəfinin törətdiyi diversiya və təxribat idi."
Bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
"Ötən əsrin 80-ci illərində Ermənistan Azərbaycana qarşı təcavüzə başladı və bu, hərbi təcavüz və Azərbaycanın dinc əhalisinə qarşı insanlığa qarşı cinayətlərlə yekunlaşdı. Ermənistanın terrorçu təşkilatları Azərbaycan əhalisinə qarşı terror aktları törədib. Bu təxribatların kuliminasiya nöqtəsi isə Sumqayıt hadisələri olub", - H.Hacıyev deyib.
O vurğulayıb ki, bu hadisələrin istintaqı davam edir.
"Təcavüzkar separatizm siyasəti yürüdən ermənilər təxribatlar həyata keçirmək üçün imkanlarının olduğunu yaxşı başa düşürdü. Bu gün erməni lobbisi Sumqayıt hadisələrini başqa formada təqdim etməyə çalışır və bu, həqiqəti əks etdirmir", - XİN-in mətbuat xidmətinin rəhbəri bildirib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin yürütdüyü şovinist siyasət nəticəsində bu ölkə monoetnik ölkə olub.
"Ermənistanın cinayətlərinə dair məlumatların dünya ictimaiyyətinə çatdırılması ilə bağlı işləri davam etdirəcəyik", - H.Hacıyev diqqətə çatdırıb.
"Xocalı və Qarabağda cinayətlərin törədilməsində iştirak edən insanların cinayət məsuliyyətinə cəlb olunması üçün beynəlxalq tribunala ehtiyac var".
Bunuda Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Sumqayıt hadisələrinin 30-cu ildönümü münasibətilə XİN-də keçirilən mətbuat konfransında deyib.
Qeyd edək ki, bu il 1988-ci il fevralın 27-29-da törədilən Sumqayıt hadisələrinin 30 illiyi tamam olur.
.
