
“Azərbaycanın Ermənistanın 30 illik işğalına son qoyması ilə iki ölkə arasında münasibətlərin normallaşması və Cənubi Qafqaza sülhün gəlməsi üçün fürsət yaranıb”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu” agentliyinə müsahibəsində deyib.
O, rəsmi Bakının 2021-ci ildə İrəvana düşmənçilik səhifəsini bağlamağı təklif etdiyini və bu çağırışın təxminən bir il cavabsız qaldığını xatırladıb:
“2022-ci ilin ilk aylarında sülh razılığının beş əsas bəndini Ermənistana təqdim etdikdən sonra həmin ilin oktyabr ayında iki ölkə arasında müzakirələr başlayıb. Sülh sazişinin ilk layihəsi də Azərbaycan tərəfindən yazılıb və Ermənistana təqdim edilib. Danışıqlar təxminən iki il yarım çəkib. Təxminən bir ay əvvəl müzakirələr başa çatıb və mətnlə bağlı razılıq əldə olunub. Danışıqlar davam edərkən biz Ermənistanı və prosesdə maraqlı olan digər ölkələri bu məsələlərlə bağlı məlumatlandırmışıq. Həll edilməli olan mühüm amillər mövcuddur. Bunlardan ən önəmlisi Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların yer almasıdır. Bu, davam etdikcə sülh sazişinin imzalanması mümkün deyil. Ermənistan Konstitusiyasının dəyişdirilməsi vacibdir”.
Nazir qeyd edib ki, Azərbaycanın daha bir şərti 1990-cı illərdə Qarabağ münaqişəsinin həlli üçün yaradılmış ATƏT-in Minsk Qrupunun ləğv edilməsi ilə bağlıdır:
“ATƏT-in Minsk Qrupu 30 ildir heç bir nəticə əldə etməyib. Artıq Qarabağ məsələsi həll olunub və bu ərazilər Azərbaycanın bir hissəsidir. Ermənistan da bunu qəbul edib. Belə olan halda Ermənistanın Minsk Qrupunun fəaliyyətini davam etdirmək üçün davamlı səyləri bizdə suallar doğurur. Biz israrla Minsk Qrupunun buraxılmasını tələb edirik və gözləyirik”.
Azərbaycan dost ölkələrin dəstəyi sayəsində Qərbin planlarını puç edib
“Azərbaycan Türkiyə başda olmaqla dost ölkələrin dəstəyi sayəsində Qərbin planlarını puç edib”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib.
O bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Fransa və Rusiya problemin həlli üçün heç bir əməli addım atmayıb:
“İşğala son qoyulması üçün Ermənistana heç bir təzyiq göstərilməyib, işğalçıya və işğaldan əziyyət çəkənə eyni cür yanaşılıb. İkinci Qarabağ müharibəsi ilə problem həll edildikdən sonra işğalla bağlı 30 ildir heç bir fəaliyyət göstərməyən Qərb ölkələri Azərbaycana təzyiq göstərməyə başlayıb. Öz ərazi bütövlüyünü təmin etdiyi üçün Azərbaycanı cəzalandırmağa çalışırlar. Onların başında Fransa və şəxsən Emmanuel Makron dayanır. BMT Təhlükəsizlik Şurasında müzakirələr keçirərək Azərbaycanı cəzalandırmaq istədilər. Avropa İttifaqında Azərbaycana sanksiya tətbiq etməyə çalışdılar”.
Nazir söyləyib ki, bu səylərin heç biri uğurlu olmayıb: “ABŞ-də də Demokratların iqtidarı dövründə Ermənistana dəstək göstərilib və 30 il ərzində işğalçıya heç nə deməyiblər. Azərbaycan ərazi bütövlüyünü təmin edəndə cəzalandırmağa və təzyiq göstərməyə çalışıblar. Amma yeritdiyimiz müstəqil xarici siyasət, başda qardaşımız Türkiyə olmaqla birlikdə dost ölkələrin dəstəyi sayəsində Qərbin planları puç olub”.
.