“Koronavirus pandemiyası ilə əlaqədar ticarət dövriyyəsi, investisiya qoyuluşu məsələsinə baxarkən, görürük ki, İsveç və Azərbaycan arasında bu istiqamətdə kifayət qədər imkanlar mövcuddur və buna diqqət yetirilməlidir”.

Bunu bu gün Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde ilə görüşdən sonra keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov bildirib.

C. Bayramov deyib ki, İsveç üçün Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizləri maraqlı ola bilər: “Azərbaycanda son illər bərpa olunan və alternativ enerji mənbələrinə diqqət yetirilir. İsveç bu sahədə lider dövlətlərdən biridir və bu sahə Azərbaycanla əməkdaşlıqda perspektivi olan sahədir”.

Xarici işlər naziri qeyd edib ki, bugünkü görüşdə Azərbaycan və İsveçin çoxtərəfli platformada əməkdaşlığı da müzakirə olunub: “Avropa İttifaqının bu bölgədə maraqlarının və fəallığının artırılması yönündə İsveç hər zaman fəal olub. Ölkəmiz üçün də Avropa İttifaqı ilə ikitərəfli sazişin yekunlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Şərq tərəfdaşlığı ölkələri içərisində yeganə ölkədir ki, Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşlıq sazişi imzalayıb. Avropa İttifaqı ilə də qarşılıqlı maraq və faydalılıq prinsiplərini nəzərə alaraq, bu sazişin yekunlaşdırılması və qüvvəyə minməsinin tərəfdarıyıq”. 

Nazir: “Bölgədə yaranmış yeni reallıq Azərbaycan və ATƏT arasında dialoqun xeyli zənginləşməsinə səbəb ola bilər”

“Təhlükəsizlik, iqtisadiyyat və insan ölçüsü istiqamətdə Azərbaycan ATƏT-lə əməkdaşlığı vacib hesab edir və bu istiqamətlərdə əməkdaşlıq davam etdiriləcək”.

Bunu bu gün Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde ilə görüşdən sonra keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov bildirib.

C. Bayramov deyib ki, bölgədə yaranmış yeni reallıq, yeni tranzit imkanları Azərbaycan və ATƏT arasında dialoqun xeyli zənginləşməsinə səbəb ola bilər: “Ermənistanın növbəti təxribatına cavab olaraq 44 günlük Vətən müharibəsi nəticəsində 30 il işğal altında olan Azərbaycan torpaqları azad edilib. Azərbaycanın BMT qətnamələri, ATƏT qərarlarında qəbul olunan ərazi bütövlüyü bərpa edilib. Bölgədə yaranmış vəziyyət yeni təhlükəsizlik formatının yaradılmasına, ölkələr arasında əməkdaşlığın genişlənməsinə münbit imkan yaradır. Azərbaycan Helsinki Yekun Aktına, ərazi bütövlüyü, sərhədlərin pozulmaması əsasında ölkələr arasında münasibətlərin normallaşmasına tərəfdardır. 10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli bəyanatlar bölgədə sülhün yaradılmasını təmin edir. ATƏT və Azərbaycan arasında həyata keçirilən layihələr bu istiqamətdə vəziyyətin stabilləşməsinə mühüm töhfə verə bilər. Postmüharibə dövründə minaların təmizlənməsi, icmalar arasında etimad mühitinin yaradılması və digər istiqamətlərdə mühüm imkanlar mövcuddur”.

Xarici işlər naziri qeyd edib ki, İsveç və Azərbaycan əməkdaşlığı bölgədə əməkdaşlığın inkişaf etdirilməsi baxımından da mühümdür.

Nazir: “Ermənistan gecə vaxtı tikinti üçün nəzərdə tutulmuş maşınlarla Azərbaycana hərbçilər göndərməyə cəhd edir”

“Üçtərəfli razılaşmaya uyğun olaraq, Azərbaycan bütün hərbi əsirləri qarşı tərəfə qaytarıb”.

Bunu bu gün Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde ilə görüşdən sonra keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov bildirib.

C. Bayramov deyib ki, Azərbaycanın Ermənistana təhvil verdiyi hərbi əsirlərin sayı Ermənistanın Azərbaycana verdiyi hərbi əsirlərin sayından xeyli çox olub: “Hətta hərbi əməliyyatlar gedən zaman Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə bu addımlar atılıb”.

Xarici işlər naziri qeyd edib ki, ATƏT sədrinin qeyd etdiyi şəxslər üçtərəfli bəyanat imzalanandan sonra - 26 noyabrda Azərbaycanın işğaldan azad edilmiş ərazisinə Ermənistanın Şirak vilayətindən gələnlərdir: “Həmin şəxslər terror əməlləri törədilib, onlar barəsində Azərbaycanda istintaq əməliyyatları davam etdirilir. Bu kimi halların baş verməməsi üçün üçtərəfli bəyanata riayət olunması vacibdir”.

C. Bayramov nəzərə çatdırıb ki, hətta indi də Ermənistan gecə qaranlıq vaxtda tikinti üçün nəzərdə tutulmuş maşınlarla hərbçilərini Azərbaycana göndərməyə cəhd edir: “Bu məsələ BMT Baş Assambleyasına da çatdırıldı, bununla bağlı beynəlxalq medianın materiallarına da istinad edilib. Beynəlxalq təşkilatlar bu məsələdə Ermənistana təzyiq etməli, hər bir tərəf üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir”.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri bildirib ki, tutulmuş bütün şəxslərin qaytarılması proseslərin daha yumşaq getməsinə töhfə verəcək.

.