
Səhiyyə Nazirliyi Azərbaycanda İİV/QİÇS virusu ilə bağlı hesabat yayıb.
Nazirlikdən virtualaz.org saytına verilən məlumata görə, virusun müayinəsini rahatlaşdırmaq məqsədilə ölkədə 50 məntəqədən ibarət könüllü məsləhət və müayinə şəbəkəsi yaradılır. İndiyədək 43 məntəqə fəaliyyət göstərir. İİV müayinələrinə yüksək riskli əhali qruplarının cəlb edilməsi üçün Bakı da daxil olmaqla regionlarda 12 səyyar məntəqədən istifadə olunur.
İİV/QİÇS-in qarşısının alınması məqsədilə "İİV müayinəsi ilə bağlı Avropa həftəliyi” keçirilib.
Respublika QİÇS-lə Mübarizə Mərkəzi bir çox ali və orta ixtisas təhsil müəssisələrində tələbələr arasında, iri ticarət mərkəzlərində, Beynəlxalq Avtovağzal və digər obyektlərdə könüllülük prinsipi əsasında İİV-ə müayinə aksiyaları həyata keçirib.
Ümumiyyətlə, İİV/QİÇŞ problemi Azərbaycanda da ən aktual problem olaraq daim Səhiyyə Nazirliyinin nəzarətindədir. Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və İİV epidemiyasının müntəzəm aparılan monitorinqi onun əsasən yoluxmaya yüksək riskli əhali qrupuna aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılmasını təsdiqləyir.
2014-cü ilin 11 ayı ərzində Azərbaycanda 561 İİV-ə yeni yoluxma faktı qeydə alınıb. Onlardan 545-i (97,1%) Azərbaycan vətəndaşı, 16 nəfəri (2,9%) isə əcnəbi vətəndaşlardır. Qeydiyyata alınmış 545 Azərbaycan vətəndaşından 336-sı (61,7%) kişi, 209-u (38,3%) qadındır.
Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2014-cü ilin 1 dekabr tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunmuş 4859 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 4694 nəfəri (96,6%) Azərbaycan vətəndaşı, 165 nəfəri (3,4%) isə əcnəbilərdir. İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 3572-si (76,1%) kişi, 1122-i (23,9%) qadındır. QİÇS mərhələsində olan insanların sayı 1508 nəfər, onlardan Azərbaycan vətəndaşlarının sayı 1484 nəfərdir. İİV-infeksiyasından dünyasını dəyişmiş insanların sayı 667 nəfər, onlardan Azərbaycan vətəndaşların sayı 667 nəfər olub.
İİV-ə yoluxmuş 4694 Azərbaycan vətəndaşından 1198-i (25,5%) Bakı şəhəri və Abşeron rayonunda, 3656-sı (73,7%) respublikanın digər 55 inzibati ərazisində qeydiyyatda olan şəxslərdir, 38 nəfərin (0,8%) yaşayış yeri naməlumdur.
4694 nəfər Azərbaycan vətəndaşından 2578-də (54,9%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 1637-də (34,9%) heteroseksual, 61-də (1,3%) isə homoseksual kontakt nəticəsində, 82-də (1,7%) anadan uşağa keçməklə, 1-də (0,02%) donor qanının köçürülməsi nəticəsində baş verib. 336 nəfərdə (7,2%) yoluxma yolu müəyyən edilməyib.
.