“Bu gün Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə danışıqlarımız başlanıb. Günün birinci yarısında ölkələrimiz arasında hərtərəfli münasibətlərin inkişafına dair müzakirə keçirilib”.

Bunu bu gün Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşdən sonra xarici işlər naziri Ceyhun Bayramov bildirib.

C. Bayramov deyib ki, Prezident İlham Əliyev Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonu qəbul edib: “Prezident görüşdə ikitərəfli münasibətlər və bölgədəki yeni vəziyyətə dair baxışlarını bölüşüb”.

Xarici işlər naziri bildirib ki, Azərbaycan-Macarıstan münasibətləri müxtəlif sahələrdə inkişaf edir: “Uzun illər ərzində Dağlıq Qarabağ münaqişəsi mövcud olan zaman Macarıstan Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Azərbaycan Vətən müharibəsində Macarıstanın mövqeyini yüksək dəyərləndirir. Regionda yeni təhlükəsizlik formatı yaranıb. 9 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli bəyanatlar 30 illik təcavüzə, işğala son qoyub, regionun inkişafı baxımından yeni imkanlar yaradıb. Azərbaycan ölkələrin suverenliyi və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında münasibətlərin inkişafını dəstəkləyib”.

Nazir onu da vurğulayıb ki, Azərbaycan hazırkı dövrü postkonflikt dövrü kimi dəyərləndirir.

C. Bayramov qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən bu dövrdə işğaldan azad edilmiş ərazilərdə dost və tərəfdaş ölkələrlə birgə əməkdaşlıq ediləcəyi elan olunub: “Macarıstanın bu sahədə fəaliyyəti kifayət qədər geniş müzakirə olunub. Macarıstan tərəfindən atılan konkret addımlar yüksək dəyərləndirilir. Macarıstanın “EksimBank”ı işğaldan azad olunmuş ərazilərdəki macar şirkətlərinə 100 milyon dollar ayırıb. Eyni zamanda, Azərbaycan tərəfi Macarıstanın işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi ilə bağlı ianəsini yüksək dəyərləndirir”.

Azərbaycan və Macarıstan arasında hökumətlərarası komissiyanın iclası keçiriləcək

“Macarıstanla nəqliyyat, logistika, tikinti, bərpa olunan enerji, sərnişin və yüklərin hava nəqliyyatı ilə daşınması müzakirə predmeti olub”.

Bunu bu gün Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşdən sonra xarici işlər naziri Ceyhun Bayramov bildirib.

C. Bayramov deyib ki, geniş təqaüd proqramı çərçivəsində hər il 200 Azərbaycan vətəndaşı Macarıstanın aparıcı universitetlərində təhsil alır: “İndiyə qədər 1000-dən çox Azərbaycan vətəndaşı Macarıstanda təhsil alıb. İndiyə qədər 44 saziş imzalanıb. Növbəti 3 il üçün hökumətlərarası saziş imzalanıb. O cümlədən 10 yeni saziş üzərində də iş aparılır”.

Xarici işlər naziri bildirib ki, bu gün hökumətlərarası komissiyanın geniş tərkibdə iclası keçiriləcək, iclasda Azərbaycan tərəfdən həmsədr Sahil Babayev və Macarıstan tərəfdən isə xarici işlər və ticarət naziri Peter Siyarto olacaq.

Nazir: “İşğaldan azad edilmiş ərazilərdə böyük infrastruktur layihələrə başlanılıb”

Postmünaqişə dövründə Macarıstan şirkətlərinin böyük marağını görürük.

Bunu bu gün Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşdən sonra xarici işlər naziri Ceyhun Bayramov bildirib.

C. Bayramov deyib ki, ilkin mərhələdə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, görüləcək işlərin planlaşdırılması həyata keçirilir: “Bir sıra böyük infrastruktur layihələrin də artıq həyata keçirilməsinə başlanılıb. Bu gün dəmir yolu tikintisi sahəsində macar şirkətlərinin təcrübəsi barədə fikir mübadiləsi aparıldı. Yol tikintisi ilə bağlı müzakirə oldu. İşğaldan azad edilən ərazilərdə böyük kənd təsərrüfatı potensialı var. Nümunəvi bir kəndin Macarıstan təcrübəsi əsasında “ağıllı kənd” konsepsiyası ilə tikilməsi ətrafında müzakirə aparıldı. Mədən və turizm sahəsində də geniş potensial var. Ölkələrimiz arasında ikitərəfli münasibətlərlə bağlı da geniş fikir mübadiləsi aparılıb. Aviasiya sahəsində sərnişin daşıması ilə bağlı macar şirkətinin marağı ilə bağlı müzakirə aparıldı və yaxın vaxtlarda bununla bağlı addım atılacaq”.

Xarici işlər naziri bildirib ki, Macarıstanın əsas ticarət tərəfdaşı Çindir: “Azərbaycan da Çinlə Macarıstan arasında yerləşir. Bu aspektdə tranzit imkanları da geniş müzakirə olundu”.

.