Azərbaycanın baş naziri Artur Rasizadə İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin rəhbərliyi ilə ölkəmizə səfərə gəlmiş nümayəndə heyətini qəbul edib.Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanla İran arasında mövcud iqtisadi-mədəni əlaqələrdən söz açan tərəflər qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu qeyd ediblər.
Xüsusən enerji təchizatı, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət, turizm və digər sahələrdə aparılan müştərək işlərin səmərəli nəticələr verdiyi xatırlanaraq, bu istiqamətdə mütəmadi görüşlərin və təcrübə mübadiləsinin aparılması vacib sayılıb. Daha sonra beynəlxalq əməkdaşlıq məsələlərinə toxunan tərəflər terrorçuluq və ekstremizmlə mübarizə, habelə regional münaqişələrin həlli mövzusunda müzakirə aparıblar. Dağlıq Qarabağ münaqişəsindən danışarkən problemin yalnız beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin mümkünlüyü bir daha vurğulanıb..
