
Azərbaycanın müdafiə naziri Zakir Həsənovla Gürcüstanın müdafiə naziri İrakli Çikovani arasında görüş keçirilib.
İrakli Çikovani deyib ki, Vaşinqtonda Azərbaycanla Ermənistan arasında imzalanmış birgə bəyannamə Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcək.
O, Gürcüstan tərəfinin regional əməkdaşlığın inkişafına töhfə verməyə hazır olduğunu bir daha təsdiqləyib.
İ.Çikovani qeyd edib ki, Gürcüstanla Azərbaycan arasında strateji əməkdaşlıq regionun təhlükəsizliyi və inkişafı üçün əsasdır. O, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə görə general-polkovnik Zakir Həsənova təşəkkür edib.
Nazir Azərbaycanla müdafiə sahəsində ikitərəfli və üçtərəfli formatda əməkdaşlığa diqqət çəkib. Onun sözlərinə görə, 2025-ci il üçün ikitərəfli əməkdaşlıq planında nəzərdə tutulan tədbirlər uğurla planlaşdırılıb və həyata keçirilib.
Söhbət zamanı Azərbaycan hərbçilərinin çoxmillətli birgə hərbi təlimlərdə, eləcə də hərbi təhsil sahəsində planlaşdırılan kurslarda iştirakı məsələsinə də toxunulub.
.