Azərbaycan İnvestisiya Holdinqi (AİH) və Efiopiya İnvestisiya Holdinqi (EİH) ilə arasında strateji əməkdaşlığın təşviqi məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Yenizaman bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, sənədə Əddis-Əbəbədə AİH-nin Baş direktoru Ruslan Əlixanov və EİH-nin Baş direktoru Bruk Teye imza atıb.

Anlaşma Memorandumu tərəflər arasında bilik və təcrübə, eləcə də texnologiya mübadiləsi və birgə investisiya təşəbbüsləri kimi əsas sahələrdə əməkdaşlıq üçün çərçivə yaratmağı hədəfləyir.

İmzalanma mərasimindən sonra açıqlama verən B.Teye tərəfdaşlığın əhəmiyyətini vurğulayaraq, sənədi Azərbaycanla iqtisadi əlaqələri gücləndirmək üçün mühüm addım adlandırıb. O, qeyd edib ki, bu, investisiya idarəçiliyi sahəsində qarşılıqlı təcrübədən istifadə etməklə, dayanıqlı iqtisadi artımı dəstəkləyən sahələrdə səmərəli əməkdaşlıq üçün zəmin yaradacaq.

R.Əlixanov isə tərəfdaşlığın əhəmiyyətini və iki təşkilat arasında əməkdaşlıq potensialını vurğulayıb, bildirib ki, bu əməkdaşlıq bilik transferi, texnoloji nailiyyətlər və dövlət müəssisələrinin fəaliyyətini gücləndirəcək birgə təşəbbüslər üçün yeni imkanlar açır. Anlaşma Memorandumunun imzalanması hər iki qurum arasında iqtisadi transformasiyanı təşviq etmək, dövlət müəssisələrinin fəaliyyətini optimallaşdırmaq, qarşılıqlı maraq doğuran digər sahələrdə yeni investisiya imkanlarını üzə çıxarmaq səylərini möhkəmləndirir.

.