2021-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Türkiyənin ən çox müdafiə sənayesi və aviasiya məhsulları ixrac etdiyi ikinci ölkə olub.

Bu barədə “Anadolu”nun Türkiyə İxracatçılar Məclisinin göstəricilərinə əsasən yayımladığı xəbərdə qeyd olunub.

Bildirilib ki, cari ilin 11 ayı ərzində Türkiyə Azərbaycana 192 milyon 126 min ABŞ dolları dəyərində müdafiə sənayesi məhsullarının satışını həyata keçirib.

Bu il Türkiyənin ən çox müdafiə sənayesi məhsulları ixrac etdiyi ölkə isə ABŞ olub. Hesabat dövründə Türkiyə bu ölkəyə 1 milyard 32 milyon 615 min dollar dəyərində müdafiə sənayesi məhsulları ixrac edib.

Hesabat dövründə Türkiyədən 180 milyon 544 min dollar dəyərində zirehli nəqliyyat vasitələri və silah sistemləri idxal edən Qətər üçüncü yerdə qərarlaşıb.

Yanvar-noyabr ayları ərzində Türkiyənin müdafiə sənayesi və aviasiya məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 39,7% artaraq 2 milyard 793 milyon 974 min dollar təşkil edib.

.