Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində start götürən III MDB Oyunlarının taekvondo yarışlarının ilk günü millimiz üçün uğurlu alınıb.

Yeddi çəki dərəcəsində keçirilən qarşılaşmalarda Azərbaycan taekvondoçuları yüksək nəticələr əldə ediblər.

Ziya Həsənli (63 kq), Humay Dadaşova (46 kq) və Məryəm Məmmədova (53 kq) finalda rəqiblərinə qalib gələrək ölkəmizə ilk üç qızıl medalı qazandırıblar.

Qızıl medalçılarla yanaşı, Elcan Əliyev (74 kq) və Ümid Rəhimzadə (54 kq) də finala qədər irəliləyiblər. Lakin həlledici görüşdə məğlub olan idmançılarımız gümüş medalla kifayətləniblər.

Taekvondoçularımız daha 6 bürünc medal da qazanıblar:

kişilərdə: Tamerlan Yaqubov (54 kq), Allahverdi Məmmədov və Zeynal Əliyev (hər ikisi – 87 kq)

qadınlarda: Səlimə Quliyeva (46 kq), Nilufər Borci (53 kq), Nərgiz Kazımova (62 kq)

Beləliklə, yarışın ilk günündə Azərbaycan taekvondo millisi ümumilikdə 11 medal (3 qızıl, 2 gümüş, 6 bürünc) qazanaraq MDB Oyunlarına möhtəşəm başlanğıc edib.

.