Ötən il Azərbaycanda sahibkarlara 358 mln. manatdan çox birbaşa maliyyə dəstəyi göstərilib, 115 mln. manat həcmində vergi güzəştləri paketi təqdim edilib, 170 mln. manata yaxın dövlət zəmanəti ayrılıb.

Bunu “Postpandemiya dövründə vergi sistemi” mövzusuna həsr olunan konfransda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, il ərzində toplam kredit portfeli 250 mln. manatdan çox olan mövcud kreditlər üzrə subsidiyalar verilib və bir sıra digər dəstək tədbirləri həyata keçirilib: “Bu tədbirlər nəticəsində pandemiyanın ilkin təsirləri qismən neytrallaşdı. Pandemiyanın təsirlərinin aradan qaldırılması, iqtisadi fəallığın bərpa edilməsi, kiçik və orta biznesin yenidən aktiv fəaliyyətə qaytarılması hazırda qarşıda duran əsas vəzifələrdəndir”.

Nazir əlavə edib ki, bu məqsədlərin yerinə yetirilməsi ölkədə olan epidemioloji vəziyyətlə sıx bağlıdır. Məhz bu nöqteyi-nəzərdən ölkədə artıq həyata keçirilən vaksinasiya proqramının da iqtisadi fəallığın bərpa edilməsi üçün əsas şərtlərdən biridir.

.