Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK) Formula 1 üzrə Azərbaycan Qran-Prisinin marşal qeydiyyatı proqramına start verib.
BŞH-nin mətbuat xidmətindən verilən məlumata görə, yaşayış yerindən asılı olmayaraq, yaşı 21-dən çox olan hər kəs proqrama qoşula bilər.
Proqrama cəlb ediləcək marşallar Qran-Prinin əvəzolunmaz bir parçası olmaq, eyni zamanda yarış həyəcanını trekə ən yaxın məsafədən yaşamaq imkanı qazanacaqlar.
Yarış həftəsonunu uğurla başa çatdıran hər bir marşala Azərbaycan Avtomobil Federasiyasının təqdim etdiyi Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən qəbul olunmuş beynəlxalq lisenziya təqdim olunacaq. Bu lisenziya marşallara təkcə Azərbaycanda deyil, Formula 1 üzrə Qran-Pri və digər avtoidman yarışlarına ev sahibliyi edən digər ölkələrdə keçiriləcək turnirlərə də qatılmaq hüququ verəcək.
.