"Biz sabah da, biri gün də Qarabağdakı erməniəsilli şəxslərə yardım göndərə bilərik”.

Bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Qızıl Aypara Cəmiyyətinin imkanları o qədər də az deyil: “Bizim iki humanitar karvanı göndərməkdə əsas məqsədimiz ondan ibarət olub ki, görək vəziyyət necədi və burada hansı hadisələr baş verir. Hələ ki işlər pis getmir. Əgər müsbət nəticə olarsa, qiymətləndirilmə keçirilərsə, insanların hansısa ərzağa və ləvazimatlara tələbləri olsa, Azərbaycan Qızıl Aypara Cəmiyyəti bunu da etməyə hazırdır. Biz sabah da, biri gün də yardım göndərə bilərik. Hər şey kommunikasiyadan asılıdır. Müvafiq danışıqlar getməlidir və ehtiyaclar müəyyənləşdirilməlidir”.

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan humanitar yardım yola salınıb. Ağdam-Xankəndi yolu ilə aparılan humanitar yardım karvanında ilkin mərhələ üzrə 40 ton un var. Hazırda yardımın erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.

Novruz Aslan: “Hesab etmirəm ki, Qarabağda erməniəsilli şəxslərin yaşadığı yerlərdə fəlakət var"

“Mən hesab etmirəm ki, Qarabağda erməniəsilli şəxslərin yaşadığı yerlərdə fəlakət var".

Bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında deyib.

“Bizim tərəfdaşlar soruşa bilərdilər ki, Qızıl Aypara Cəmiyyəti nə üçün gecikib? Biz orada problemin olub-olmamasını müəyyən etməliyik. Ancaq mən hesab etmirəm ki, Qarabağda erməniəsilli şəxslərin yaşadığı yerlərdə fəlakət var. Bu mənim subyektiv mövqeyimdir. Ancaq bizim tərəfdaşlarımız tərəfindən müəyyən rəylər var. Onların rəylərinə əsasən, biz sülh məramımızı göstərmək üçün həmin insanlara yardım etmək qərarına gəlmişik".

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan humanitar yardım yola salınıb. Ağdam-Xankəndi yolu ilə aparılan humanitar yardım karvanında ilkin mərhələ üzrə 40 ton un var. Hazırda yardımın erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.

AzQAC sədri: Sabah diplomatik korpus Ağdam-Xankəndi yoluna gələcək

“Gördüyümüz iş humanizm prinsiplərinə əsaslanan layihədir. Hər bir siyasi qərarın arxasında məhz bu prinsiplər durur”.

Bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) sədri, deputat Novruz Aslan Ağdamda bildirib.

O bildirib ki, bəşər tarixində humanitar diplomatiya alətləri həmişə istifadə olunub, həmçinin vətəndaş diplomatiyası da tətbiq olunur, icmalararası görüşlər baş tutur və bütün bunlardan sonra siyasi qərarlar verilir.

“Mən hesab edirəm ki, hansısa bir təkan olacaq. Anlaşılmazlıq ortadan qaldırılmalıdır. Biz bu addımları atırıq, indi çətin və həssas prosesdir. Bu bölgədə 30 ilə yaxın gərginlik davam edib, bizim torpaqlarımız işğal altında olub, bir milyona yaxın qaçqın və məcburi köçkünlərimiz olub. Biz kin saxlamırıq, amma bizim yaddaşımız yaxşıdır, biz heç bir zaman heç nəyi yaddan çıxartmayacağıq”.

Deputat avqustun 31-də diplomatik korpusun Ağdam-Xankəndi yoluna gələcəyini bildirib: “Onlar burda müşahidə aparacaq. Mən bilirəm ki, bu gün xarici nümayəndələr burda olublar. Onlar fərqi görürlər. Biz bu dünyada korlar və karlar arasında yaşayırıq, amma biz bütün bunları görməyən şəxslərin qurumların birliklərin gözlərini açmalıyıq. Təəssüf ki, bizim üçün bunu etmək çətindir. Bizi eşitməyən qurumların qulağın açmalıyıq, onlar bizi eşitməlidir. Bütün bu proses çətindir, biz bunun fərqindəyik, amma biz həm də bu istiqamətdə işləmək əzmindəyik. Mən inanıram ki, nəhayət biz onların gözlərini də, qulaqlarını da açacağıq. Onlar nəhayət reallıqlara düzgün qiymət verəcəklər. Hesab edirəm ki, ilkin olaraq bu addımlar vacibdir və daha sonra bu zəncirvarı proses olaraq davam edəcək. Müsbət qərarlar qəbul oluna bilər, biz buna çox inanırıq”.

.