Azərbaycan prezidenti İlham Əliyev sosial müavinətlərin məbləğinin artırılması haqqında fərman imzalayıb.
APA-nın məlumatına görə, əhalinin rifah halını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə "Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 2013-cü il 29 avqust tarixli fərmanla müəyyən edilmiş sosial müavinətlərin məbləği 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.
Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələlərin həlli tapşırılıb.
İlham Əliyevin digər sərəncamı ilə "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” artırılib.
APA-nın məlumatına görə, "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılıb.
"Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2008-ci il 9 sentyabr tarixli fərmanın 1-ci hissəsinin birinci-üçüncü bəndləri isə aşağıdakı redaksiyada verilib:
I qrup əlillərə – 165 manat
II qrup əlillərə – 143 manat
III qrup əlillərə – 110 manat.
Həmçinin "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2008-ci il 9 sentyabr tarixli fərmanda dəyişiklik edilməsi barədə” prezidentin 2014-cü il 17 mart tarixli fərmanının 1-ci hissəsi ləğv edilib.
Dövlət büdcəsindən maliyyələşən daha bir qrup işçinində maaşı artırılıb
Prezident kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin əmək haqlarının artırılması barədə sərəncam imzalayıb.
"APA-Economics"in xəbərinə görə, dövlət büdcəsindən maliyyələşdirilən kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10% artırılır.
