“Əziz qardaşım, Azərbaycana xoş gəlmisiniz. Sizin səfərinizin çox böyük önəmi var. Siz ikinci dəfədir ki, işğaldan azad edilmiş torpaqlara səfər edirsiniz”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan rayonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra mətbuata bəyanatında deyib.

“4 ay bundan əvvəl Sizinlə bərabər Şuşa şəhərində olmuşuq, bu gün isə Füzulidə və Zəngilandayıq. Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi tarixi sənəddir. Bu Bəyannamə bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırıb”, - deyə Dövlət başçısı vurğulayıb.

Prezident: “Zəngilanda birinci özəl Türkiyə-Azərbaycan birgə investisiya layihəsinin təməlini qoyduq”

“Bu gün Füzuli Beynəlxalq Hava Limanının açılışında birlikdə iştirakımız bir daha bizim birliyimizi göstərir, gücümüzü göstərir. Onu göstərir ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan rayonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra mətbuata bəyanatında deyib.

Prezident İlham Əliyev: “Həm Azərbaycan, həm də Türkiyə Zəngəzur dəhlizinin reallaşması üçün addımlar atır”

“Bu gün Zəngilanda olarkən, təbii ki, biz Zəngəzur dəhlizi haqqında danışmasaq, düzgün olmaz”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan rayonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra mətbuata bəyanatında deyib.

Azərbaycan Prezidenti bildirib ki, Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir: “Buradan keçən Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin reallaşması üçün əməli-praktiki addımlar atır. Əminəm ki, bu, addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcək. Bu gün əziz qardaşımla və qonaqlarla birlikdə böyük avtomobil yolunun təməlini qoyduq. Bu avtomobil yolu da Zəngəzur dəhlizinin bir parçasıdır. Bu avtomobil yolunun və dəmiryolunun çəkilişi nəticəsində biz istəyimizə nail olacağıq. Bu gün fürsətdən istifadə edərək bu gün Azərbaycanın azad edilmiş torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətinə təşəkkürümü çatdırmaq istəyirəm. Onların yorulmaz səyləri nəticəsində bu gün bu bölgədə yollar, dəmiryolları, tunellər çəkilir, infrastruktur layihələri həyata keçirilir. Bu, bir daha bizim birliyimizin, qardaşlığımızın təcəssümüdür. Tam əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi irəliyə gedəcək, xalqlarımız daha da bir-birinə yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu işbirliyi həyata keçirəcək. Beləliklə də, Türkiyə və Azərbaycanın birgə gücü daha da təsirli olacaq”.

Azərbaycan Prezidenti bildirib ki, Füzuli Beynəlxalq Hava Limanının inşası cəmi 8 ay davam edib: “8 ay ərzində beynəlxalq hava limanı inşa edildi. Bu hava limanının inşaatında Azərbaycan və Türkiyə şirkətləri iştirak edib. Yəni, bu bizim birgə uğurumuzdur. Eyni zamanda bu gün Zəngilan rayonunda birinci özəl investisiya layihəsinin də təməlini qoyduq. Bu investisiya layihəsi də Türkiyə-Azərbaycan birgə layihəsidir. Yəni bu bir daha onu göstərir ki, bütün işlərdə o cümlədən, işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq-bərpa işlərində də biz çiyin-çiyinə bir yerdə irəliləyirik”.

Azərbaycan dövlət başçısı: “Bu gün Zəngilanın Ağalı kəndindəki rəsmi mərasim tarixdə qalacaq”

“Bu gün Zəngilanın Ağalı kəndindəki bu rəsmi mərasim tarixdə qalacaq”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan rayonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra mətbuata bəyanatında deyib.

Azərbaycan Prezidenti bildirib ki, adətən rəsmi mərasimlər paytaxtlarda keçirilir: “Ancaq biz rəsmi mərasimləri bütün görüşlər zamanı keçiririk. Həm Şuşada, həm bu gün Zəngilanda rəsmi mərasimin keçirilməsi, Türkiyə və Azərbaycan dövlət himnlərinin səslənməsi, bizim birgə addımlarımız tarixdə əbədi qalacaq. Bu tarixi biz birlikdə yazırıq. Necə ki, bütün müharibə dövrü ərzində birlikdəydik, bu gün də bir yerdəyik”.

Prezident İlham Əliyev: “Türkiyə-Azərbaycan birliyi sarsılmazdır, əbədidir!”

“İkinci Qarabağ savaşının birinci ildönümünü biz yaşayırıq. Dünən Qubadlı şəhərinin azad olunmasının birinci ildönümü qeyd edirdik”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan rayonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra mətbuata bəyanatında deyib.

Azərbaycan Prezidenti bildirib ki, iki həftə bundan sonra Şuşanın azad olunmasını böyük zəfər bayramı kimi qeyd edəcəyik: “İkinci Qarabağ savaşının ilk saatlarından son dəqiqələrinə qədər Türkiyə Azərbaycanın yanında olub. Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycana dəstək göstərdi, bütün dünyaya bəyan etdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu bizə çox böyük dəstək verdi. Siyasi və mənəvi dəstək... Bizə əlavə güc verdi. Bu gün Azərbaycan xalqı haqlı olaraq, sizə, əziz qardaşım, öz təşəkkürünü bildirir. Siz bilirsiniz ki, Azərbaycanda hər kəs Sizi sevir, Sizə böyük hörmətlə yanaşır. Siz bizim Zəfərimiz üçün çox böyük işlər görmüsünüz və bu gün artıq bərpa dövründə yenə də bizimlə bərabərsiniz. Mən bilirəm ki, Sizin çox gərgin iş qrafikiniz var. Siz bu yaxınlarda Afrikanın dörd ölkəsində rəsmi səfərdə olmusunuz. Ondan sonra Türkiyədə vacib mərasimdə olmusunuz. Ondan sonra vaxt tapıb bura gəlib, bizimlə bərabər, Azərbaycan xalqı ilə birlikdə bu gözəl gündə bir yerdə olmağınızı çox yüksək qiymətləndiririk. Bu, əsl qardaşlıq nümunəsidir, əsl dostluq nümunəsidir.

Bu, həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik. Bizim birliyimiz sarsılmazdır və əbədidir!”

.