“Aprel döyüşlərindəki məğlubiyyətdən sonra Ermənistanı dəstəkləmək üçün Minsk qrupunun həmsədri olan Amerika Birləşmiş Ştatları Vyanada tələm-tələsik görüş təşkil etmişdi. Mən o görüşə gələndə mənə bir bəyanat mətnini verdilər. Gördüm ki, burada bizə sərf etməyən müddəalar var, o cümlədən güc tətbiq etməməklə. Mən imtina etdim. Dedim ki, mən buna imza atmayacağam”.

Bu sözləri Prezident İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bəzi xarici güclərin məqsədləri barədə danışarkən söyləyib.

Dövlət başçısı deyib: “Bütün təzyiqlərin təməlində bu dayanmışdı ki, biz daxili problemlərlə məşğul olaq, daxili problemlərin içərisində çabalayaq ki, Qarabağ unudulsun və Ermənistan bu torpaqlara əbədi sahib olsun. Bəzi xarici ölkələrin nümayəndələri deyirdilər ki, siz gərək reallıqla hesablaşasınız, siz müharibəni uduzmusunuz, yeni müharibəni heç kim qoymayacaq, biz qoymayacağıq, qonşu ölkələr qoymayacaqlar. Bizi hədələyirdilər. Hədələyirdilər ki, müharibə başlasa, biz yenə torpaq itirəcəyik”.

Azərbaycan Prezidenti: "Bizə eşitdirirdilər ki, siz gərək Qarabağı unudasınız, bu vəziyyətlə barışasınız"

Prezident İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Azərbaycana edilən təzyiqlərin və təxribatların təməlində Qarabağ amilinin dayandığını bildirib və bununla bağlı bəzi məqamları açıqlayıb.

Bu barədə danışan dövlət başçısı deyib: “Prezidentlik dövründə, - mən bunu bir neçə dəfə demişəm, indi hələ vaxt tam yetişməyib ki, mən xalq qarşısında tam mənzərəni açım, - amma belə tezislər var idi ki, bəli, siz gərək Qarabağı unudasınız, siz gərək bu vəziyyətlə barışasınız, deməli, Ermənistanla barışasınız, əməkdaşlığa başlayasınız. Neçə dəfə təklif edilirdi ki, Azərbaycan güc tətbiq etməməklə bağlı öhdəlik götürsün öz üzərinə. Mən hər dəfə imtina edirdim, hər dəfə! Sonuncu dəfə Aprel döyüşlərindən sonra Vyana görüşündə”.

Azərbaycan Prezidenti: “Bizi Ermənistanla əməkdaşlığa məcbur etmək istəyirdilər”

“Ermənistanın oğurluğa görə bu gün həbsdə olan keçmiş müdafiə naziri bizi hədələyirdi. Amerika da hədələmişdi. Yəni, o bunu özbaşına demişdi? Yox! Onun ağzına bu sözləri qoyanlar olub ki, biz bu vəziyyətlə barışaq, bu torpaqlardan əl çəkək, deyək ki, bəli, gəl indi Ermənistanla əməkdaşlıq edək”.

Bu barədə Prezident İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

“Mən demişdim ki, heç vaxt əməkdaşlıq etməyəcəyik, mən demişdim ki, nəyin bahasına olursa-olsun Ermənistanı iqtisadi cəhətdən çökdürəcəyik. Bütün neft-qaz kəmərləri, nəqliyyat xətləri, dəmir yolu – hamısı Ermənistandan yan keçdi. Yəni, nəhayət Ermənistanı çökdürdük. İqtisadi cəhətdən artıq bizimlə rəqabət apara bilmədi, hərbi cəhətdən apara bilmədi, müftə alsa da, yenə də o istədiyi silahları ala bilmədi. Beləliklə, Ermənistanda daxili böhran artıq qaçılmaz idi, xalq qalxmışdı, nifrət etdiyi Sarkisyan rejiminə qarşı qalxmışdı və dəyişiklik oldu”, - deyə Prezident vurğulayıb.

.