“Ermənistan, sadəcə, status-kvo-nu saxlamaq istəyirdi. Çalışırdı danışıqlar formatından münaqişəni yalnız daimi olaraq dondurmaq üçün istifadə etsin”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.

Dövlət başçısı bildirib ki, əvvəlki illər ərzində Ermənistan rəhbərliyi, sadəcə, guya münaqişəni ATƏT-in Minsk Qrupu daxilində həll etmək istədiyini göstərirdi: “Son bir neçə il ərzində erməni rəhbərliyi artıq açıq şəkildə bəyan edirdi ki, onlar hər hansı işğal edilmiş ərazilərin santimetrini qaytarmayacaqlar. Bunu demək kifayət idi. Ermənistanın hazırkı Baş naziri bir bəyanatla çıxış etdi, o bunu Azərbaycanın işğal edilmiş ərazilərində iki il öncə söylədi. Qeyd etdi ki, “Qarabağ Ermənistandır”. Bu da, əslində, danışıqların sonu demək idi. İlk olaraq bu, çox ziddiyyətli və yalan bəyanat idi. Çünki bir tərəfdən Ermənistan rəhbərliyi deyirdi ki, Qarabağ müstəqil ölkədir, onu dünyada heç bir dövlət, o cümlədən Ermənistanın özü tanımayıb. Digər tərəfdən, onlar deyirdilər “Qarabağ Ermənistandır”. Bu ziddiyyət, əslində, Ermənistanın ziddiyyətli siyasətini üzə çıxartdı. Bu, onların ötənilki acı məğlubiyyəti ilə nəticələndi. Bu, o demək idi ki, onlar hər hansı danışıqlara son qoydular. ATƏT-in Minsk Qrupunun həmsədrləri mənim fikrimcə, həmçinin, təəccüblənib çıxılmaz vəziyyətə düşmüşdülər. Çünki onlar bilmirdilər ki, bu bəyanatdan sonra nə etsinlər. Həmçinin, Ermənistanın müdafiə naziri də bəyanat verdi və açıq şəkildə Azərbaycana hədə gəldi. Qeyd etdi ki, Ermənistan yeni ərazilər üçün yeni müharibəyə hazırlaşır. Yəni, bu, Azərbaycanın daha çox ərazilərini zəbt etmək üçün bir hədə idi. Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupu həmsədrləri sükutu saxladılar. Yəni, hər hansı bir pisləmə bəyanatı olmadı və heç bir mesaj da verilmədi ki, belə bəyanat qəbuledilməzdir. Bir sıra digər bəyanatlar, addımlar, Ermənistan rəhbərliyinin atdığı addımların məqsədi Azərbaycanı təxribata sürükləməkdən ibarət idi. Məsələn, “inauqurasiya”, “özünü bəyan etmiş hər hansı separatçı qurumun Şuşada açılmasının mərasiminin keçirilməsi” Azərbaycana qarşı təhqir idi. Hətta separatçı “parlament”in Xankəndidən Şuşaya köçürülməsi də azərbaycanlıların hisslərinə olan təhqir idi. Onlar anlamalıydılar ki, Azərbaycanın, bizim xalqımızın hissləri ilə oynaya bilməz və təhqir edə bilməzlər. Hər bir səbrin hüdudları var.

2020-ci ildə iyul ayında isə sərhəddə növbəti bir təxribata əl atdılar, bizim mülki və hərbi şəxsləri qətlə yetirdilər.

Sonra təxribat qrupunu terror aktını törətmək üçün göndərmişdilər. Daha sonra sentyabr ayında Azərbaycanın dinc şəhərlərini, yaşayış məntəqələrini atəşə tutdular, bundan sonra isə böyük addım atıldı və Vətən müharibəsi başlanıldı. Biz onları məğlub etdik. Ermənistan tələbləri qəbul etməyə məcbur edildi. Mən həmin vaxt bəyan etdim ki, biz o vaxt dayanacağıq ki, Ermənistan Baş naziri bizə işğal olunmuş ərazilərdən çıxmaq cədvəlini verəcək. 7000 əsgərin ölümü və 44 günün keçməsi tələb etdi ki, Ermənistan rəhbərliyi bunu başa düşsün. Bu, böhranla nəticələndi, 9 noyabr tarixində Ermənistan kapitulyasiya aktına imza atdı və müharibə başa çatdı. Bu bizə, həmçinin, qalan işğal olunmuş ərazilərdən çıxmaq cədvəlinin verilməsi ilə nəticələndi”.

.