Bu il bizim xarici siyasətimiz çox fəal olub və xarici siyasət istiqamətində hesab edirəm ki, yeni önəmli addımlar atılıb və ölkəmizin beynəlxalq nüfuzu daha da artıb.

Bu fikirləri Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında deyib.

Nəticələr arasında, Qoşulmama Hərəkatındakı uğurlu sədrliyimizi xüsusi vurğulayan dövlət başçısı bildirib: “Bizim sədrliyimiz bildiyiniz kimi, 2023-cü ilə qədər yekdil fikirlə bir il uzadılıb. Bu, onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmışdır və bizə olan inam bu illər ərzində daha da artmışdır. Biz də məsuliyyətli ölkə olaraq və Qoşulmama Hərəkatının fəal sədri olaraq bu təsisatın institusional inkişafına da böyük töhfə vermişik. Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı idi və Parlament Şəbəkəsinin yaradılması idi. Bakıda keçirilmiş bu önəmli tədbir bir daha göstərdi ki, bu Hərəkatın çox böyük potensialı var, həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün bu, çox önəmli platformadır. Bu, bizim təşəbbüsümüz idi və bu təşəbbüs artıq özünü real həyatda göstərir”.

Azərbaycan Prezidenti: Ermənistan məcburən üzərinə götürdüyü öhdəliklərini hələ də yerinə yetirmir

Bu ilin altı ayında Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticələr yoxdur. Baxmayaraq ki, Vətən müharibəsindən 1 il 8 ay ötüb, ancaq əfsuslar olsun ki, Ermənistan məcburən üzərinə götürdüyü öhdəliklərini hələ də yerinə yetirmir.

Bu fikirləri Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında bildirib.

Dövlət başçısı bu istiqamətdə müsbət məqamların da olduğunu vurğulayaraq, bu baxımdan delimitasiya üzrə işçi qrupların birinci görüşünün keçirildiyini qeyd edib: “Biz bunu müsbət addım kimi qiymətləndiririk. Bu da ölkəmizin təşəbbüsü ilə baş vermiş hadisədir. Çünki məhz Azərbaycan sərhədlərin delimitasiyası ilə bağlı addımların tezliklə atılmasına çalışırdı. Ermənistan tərəfi buna o qədər də meyilli deyildi. Ancaq birinci görüş keçirildi. Əlbəttə, bu görüş daha çox tanışlıq xarakteri daşıyırdı. Gələn ay ikinci görüşün keçirilməsi nəzərdə tutulur. Hesab edirəm ki, ikinci görüş artıq praktik məsələlərin müzakirəsinə həsr olunacaq. Əlbəttə, bu formatda olan əməkdaşlıqdan biz hələ ki, tez nəticə gözləmirik, çünki delimitasiya uzun bir prosesdir. Amma hər halda bu proses başlayıb, biz bunu uğurlu inkişaf kimi qiymətləndirə bilərik”.

Digər müsbət hal kimi Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipinin Ermənistan tərəfindən qəbul edildiyini vurğulayan dövlət başçısı qeyd edib: “Ermənistan rəhbərliyi rəsmən bu beş prinsipi qəbul edib. Bu beş prinsip nədən ibarətdir, bunu Azərbaycan ictimaiyyəti yaxşı bilir, təkrarlamaq istəmirəm. Ancaq təmasda olduğum bütün tərəf müqabilləri ilə müzakirələr zamanı Azərbaycanın bu təşəbbüsü təqdir olundu. Münaqişənin məhz bu prinsiplər əsasında həll olunması demək olar ki, təsdiqləndi. Ermənistan bunu qəbul etdi və bunu rəsmən etiraf etdi. Biz bu məsələni bir neçə qonşu dövlətlə müzakirə etmişik - Türkiyə ilə, Rusiya ilə, İranla müzakirə etmişik və bu mövqe dəstəklənir. Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları - biz bu tərəfdaşlarla da bu məsələni müzakirə etmişik və faktiki olaraq indi sülh danışıqlarının başlanması üçün əsas yaradılıb. Yenə də Azərbaycan təşəbbüs göstərib, yenə də bu beş prinsipi formalaşdıran bizik və əgər biz bu təşəbbüsü öz üzərimizə götürməsəydik, bu günə qədər bu istiqamətdə də heç bir inkişaf olmazdı”.

Azərbaycan-Ermənistan delimitasiya üzrə Komissiyanın ikinci görüşü gələn ay keçiriləcək

Gələn ay Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası üzrə Komissiyanın ikinci görüşünün keçirilməsi nəzərdə tutulur.

Bu fikirləri Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında deyib.

"Hesab edirəm ki, ikinci görüş artıq praktik məsələlərin müzakirəsinə həsr olunacaq.

Əlbəttə, bu formatda olan əməkdaşlıqdan biz hələ ki, tez nəticə gözləmirik, çünki delimitasiya uzun bir prosesdir. Amma hər halda bu proses başlayıb, biz bunu uğurlu inkişaf kimi qiymətləndirə bilərik”, - dövlət başçısı qeyd edib.

Prezident: Yaxın günlərdə Aİ ilə Azərbaycan arasında önəmli sənəd imzalanacaq

Azərbaycan Prezidenti İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələrindən də bəhs edib.

Dövlət başçısı bu barədə danışarkən deyib: “Bu il Avropa İttifaqı ilə fəal əməkdaşlıq aparılmışdır. Bildiyiniz kimi, biz yeni saziş üzərində işləyirik. Sazişin böyük hissəsi razılaşdırılıb və razılaşdırılmamış məsələlər də müzakirə olunur. Ümid edirəm ki, yaxın gələcəkdə bütün məsələlər razılaşdırılacaq".

Avropa İttifaqı Şurasının Prezidenti ilə bir neçə dəfə görüşdüyünü və telefon danışığını xatırladan Prezident İlham Əliyev bildirib: “Əlbəttə ki, əsas mövzu Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır. Ancaq, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələr aparılır. Yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd - enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanacaq və bizim əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıracaqdır”.
 

.