Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın məlumatına görə, H. Salber ötən səfərindən keçən az müddət sonra Avropa İttifaqı rəhbərliyinin tapşırığı ilə ölkəmizə yenidən səfər etməsinin aprelin əvvəlində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hadisələrin daha yaxından öyrənilməsi ilə bağlı olduğunu deyib.
H. Salber Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Federika Mogerininin Azərbaycana son səfərini xatırlayıb.
Söhbət zamanı qeyd olunub ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların tarixinə nəzər saldıqda, Ermənistan ordusunun qoşunların təmas xəttində vaxtaşırı silahlı təxribatlar törətməsi müşahidə olunur. Azərbaycanın cəbhə xəttinə yaxın yerləşən yaşayış məntəqələri mütəmadi surətdə Ermənistan tərəfindən atəşə tutulur, uşaqlar, qadınlar, qocalar da daxil olmaqla, mülki əhali həlak olur. Bildirilib ki, məqsəd münaqişə ilə bağlı mövcud vəziyyəti olduğu kimi saxlamaqdır.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən proseslər, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinin vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı o da məlum olub ki, Dağlıq Qarabağdakı son hadisələr Avropa İttifaqının Xarici Məsələlər Şurasında müzakirəyə çıxarılacaq. Bunu da Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber deyib.
Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində yaranmış gərginliyin narahatlıq doğurduğunu qeyd edən H. Salber Avropa Parlamentinin bu günlərdə keçirilən plenar iclasında təmsil etdiyi qurumun baş vermiş hadisələrə öz münasibətini bildirdiyini, bu istiqamətdə müzakirələrin aparıldığını vurğulayıb.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
.
