Sentyabrın 4-ü saat 11:20-də Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdə yerləşən bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.

Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan qazıntı işləri dərhal dayandırılıb", - məlumatda bildirilib.

Xatırladaq ki, bu gün saat 09:50-də də Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

.