Azərbaycanda oliqarx-məmurların qoyun sürülərinin ilbəil artması nəticəsində yay otlaq sahələrinin getdikcə qıtlaşması onları vəziyyətdən çıxmaq üçün xarici ölkələrdə örüş axtarmağa məcbur edib.
Virtualaz.org saytı Orta Asiya mənbələrinə istinadən xəbər verir ki, Azərbaycan tərəfi ilə əldə olunmuş razılaşmaya əsasən Qırğızıstanın yay otlaqları azərbaycanlı oliqarxlara icarəyə veriləcək.Bu qərarı qırğız hakimiyyəti qəbul edib.
Lakin iki tərəf arasında Qırğızıstan otlaqlarının 1 hektarının icarəsi üçün hansı məbləğin ödəniləcəyinə dair razılaşma hələ əldə olunmayıb.
Məlumata görə, Qırğızıstan tərəfi 1 hektar örüşün icarəsi üçün Azərbaycan tərəfindən 15 dollar istəyir. Lakin Azərbaycan tərəfi 1 hektar üçün icarə haqqının 12 dollara endirilməsində israr edir. Söhbət on minlərlə hektar örüş sahəsindən getdiyi üçün məbləğ elə də kiçik deyil.
Anlaşmaya əsasən qırğız torpaqlarının azərbaycanlı oliqarxların qoyun sürülərinə icarəyə verilməsinin müddəti bir ildən çox olmayacaq.
Gözlənilir ki, Azərbaycan tərəfinə hansı torpaqların icarəyə veriləcəyi və icarə haqqı da yaxın vaxtlarda dəqiqləşəcək. Bundan əlavə, Azərbaycana icarəyə veriləcək örüşlərin yerləşdiyi ərazilər Qırğızıstanın interaktiv xəritəsində də göstəriləcək.
Bəs anlaşma rəsmiləşəndən sonra azərbaycanlı oliqarxlar öz qoyun sürülərini Qırğızıstana hansı yollarla apara bilərlər?
Loqistika baxımından bu daşıma quru yolu ilə Bakı limanına, oradan isə gəmi-bərələrlə Xəzərin o tayına, daha sonra Qazaxıstan vasitəsilə Qırğızıstana həyata keçirilə bilər. Lakin tamamilə mümkündür ki, Qırğızıstanda örüş yerləri kirayələyən azərbaycanlı oliqarxlar qoyunları da elə oradan alsınlar və icarəyə götürülmüş örüşlərdə bəsləsinlər.
Məlumdur ki, Azərbaycanın bəzi iri oliqarxları Rusiyanın Krasnodar vilayətində yüz minlərlə hektar örüş sahəsi alıblar və orada böyük qoyun sürüləri saxlayırlar.
Azərbaycanda isə yay otlaq sahələrinin əhəmiyyətli hissəsi erməni işğalı altında olduğundan ölkədə hər il artan mal-qoyun sürülərini yay otlaq sahələri ilə təmin etmək getdikcə çətinləşir. Artıq ölkənin əksər yerlərində münbit örüş sahələri hasarlanıb və zəbt olunub.
Qırğızıstana gəldikdə isə bu ölkədə kifayət qədər münbit örüş sahələri tapmaq mümkündür. Ölkə ərazisinin 84 faizini otlaq sahələri və biçənəklər təşkil edir ki, bu da heyvandarlıq üçün münbit imkanlar yaradır.
.