2020-ci ilin noyabr ayının 8-də zəfərlə başa çatan 44 günlük Vətən müharibəsidə qazanılan layiqli Qələbə günü münasibəti ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevi, xalqımızı, onun Silahlı Qüvvələrini təbrik edirik! 
2020-ci ilin sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı irimiqyaslı hərbi hücuma keçdi. Bu təcavüzə cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı və işğal altındakı ərazilərin böyük hissəsini azad etdi.
Xalq, Ordu, Dövlət birliyi 30 illik Ermənistan təcavüzünə son qoydu, hərbi – siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib Azərbaycan BMT Təhlükəsizlik Şurasının Qətnamələrinə uyğun olaraq suverenliyini təmin etdi. Məsələnin dinc yolla həlli üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə müxtəlif görüşlərdə Ermənistanın siyasi rəhbərliyinə olan müraciətlərinə məhəl qoyulmamış, əksinə atəşkəs rejimini pozaraq dinc əhalimizi atəşə tutmuşlar.
“Vətən müharibəsində ilk gündən Azərbaycan Ordusu Füzuli rayonu istiqamətində böyük uğurlar əldə etdi və ardıcıl olaraq rayonun kəndləri işğaldan azad olunmağa başladı. Baxmayaraq ki, düşmən 30 ilə yaxın müddət ərzində burada xeyli möhkəmlənmişdi, güclü istehkamlar qurmuşdu və ərazini “keçilməz” adlandırırdı. Amma ordumuz bir həmlə ilə həmin müdafiə xəttini yardı və sürətlə irəliləməyə başladı. Təbii ki, bu uğurlar silahlı qüvvələrimizin peşəkarlığını, yenilməzliyini göstərir. İnsanlarımız kəndlərin hətta bundan da kiçik yaşayış məntəqələrimizin azad olunmasını böyük sevinclə qarşılayırdı. Rayon mərkəzlərinin, şəhərlərin işğaldan azad olunması xalqda xüsusi əhval – ruhiyyə yaradır, bir – birlərini təbrik edirdilər.
Cəbrayıldan sonra Füzuli şəhərinin azad olması xalqda qələbəyə olan sarsılmaz inam daha da artırdı, zəfər yolumzda növbəti hədəflərimiz üçün son dərəcə vacib rol oynadı”. 
Bu əməliyyat ordumuzun böyük döyüş qabiliyyətli və texniki təminata malik olduğunu göstərdi. Müharibədə Azərbaycan Ordusunun müasir döyüş qabiliyyətli bir ordu olduğunun şahidi olan müxtəlif ölkələrin hərbi ekspertləri onu yüksək qiymətləndirmişlər. 
Xalqımıza düşmən Ermənistana, onun havadarlarına açıq mesajlardan ibarət geniş çıxışlar edən Cənab Prezident bildirmişdir ki, işğalçılardan təmizlənmiş ərazilərimizi tezliklə yeni coşqun həyata qaytaracağıq.
Azərbaycan 44 günlük Vətən müharibəsinin yekunu olaraq ərazi bütövlüyünü və suverenliyini birdəfəlik təmin etdi. Hazırda respublikamızın qarşısında duran ən mühim məsələ qələbənin əbədiləşdirilməsi üçün doğma torpaqlarından köçkün düşən insanların öz yerlərinə qayıdışını təmin etməkdir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də işğaldan azad olunmuş ərazilərə qayıdışla bağlı xüsusi bəndin yer almasının mühim siyasi və iqtisadi əhəmiyyəti var. “Böyük Qayıdış” proqramı vətəndaşlarımızın işğaldan azad edilmiş  ərazilərdə dayanaqlı məskunlaşmasında və  həmin ərazilərin ölkənin iqtisadi sisteminə inteqrasiyasında körpü rolunu oynayacaq.    “Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə bütün Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Azərbaycan xalqı artıq öz torpaqlarına qayıdıb və bu qayıdış əbədidir. Bu reallıqla barışmaq istəməyənlərə boş ümidlərindən əl çəkmələri təklif olunub. 44 günlük müharibə Ermənilərin yadından çıxmasın. Əgər kimsə yenidən revanş haqqında düşünürsə onlar Azərbaycanın Müzəffər Ordusu ilə yenidən üz-üzə gələcək, dəmir yumruq onların belini qıracaq”.
İşğalçı Ermənistan üzərində qazanılmış hərbi qələbənin birinci ilini fərəh hissi ilə qeyd edən xalqımız qələbə yolunun təməlində Heydər Əliyevin dayandığını qeyd edir və Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşib, torpaqlarımızın azadlığı uğrunda mübarizədə milli həmrəyliyin nümunəsini yaratdı.
Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasəti, Azərbaycan xalqının sarsılmaz birliyi və yenilməz ordumuzun qəhrəmanlığı sayəsində qazanılmış parlaq qələbə bizi növbəti uğurlara səsləyir. İşğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri sürətlə və keyfiyyətlə davam etdirilir. Artıq bir sıra iri layihələrin icrası tamamlanıb. Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılışına bütün dünya şahid oldu. Bu hava limanı bölgəni nəqliyyat – logistika mərkəzinə çevirəcək, turizm potensialını artıracaq, iqtisadi inkişafına təkan verəcək.
Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dövlət tərəfindən göstərilən qayğı və diqqət ən yüksək səviyyədədir. 
Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazandığımız layiqli qələbə bu gün hər bir Azərbaycan vətəndaşını ürəkdən sevindirir, hər kəsdə qürur fəxarət hissi doğurur.
30 il müddətində həllini tapmayan qısa müddətdə şanlı ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında hərbi – siyasi həllinə nail olaraq beynəlxalq hüquq normalarının və ədalətin bərpasını təmin edib. Azərbaycan döyüş meydanında parlaq qələbə qazanmaqla, siyasi meydan da istədiyinə nail olub. 44 günlük müharibədə 5 min kv. km.-dək ərazisini, 5 rayonunu, 2 şəhər tipli qəsəbəsini, 300-dək kəndini işğaldan azad edən Azərbaycan, Ermənistanı hərbi kapitulyasiya barədə sənədi imzalamağa məcbur etdi. Üç tərəfli 10 noyabr 2020-ci il tarixli sazişinin imzalanması ilə faktiki olaraq Ermənistan – Azərbaycan münaqişəsi tarixə çevrilib.
Azərbaycan dövlətinin apardığı sosial siyasətinin prioritet istiqamətlərindən birini ölkəmizin Silahlı Qüvvələrinin şəxsi heyətinin, eləcə də şəhid ailələri və Qarabağ müharibəsi iştirakçılarının sosial müdafiəsinin, mənzil – məişət şəraitinin yaxşılaşdırılması, onların cəmiyyətdə layiqli statusunun təmini məsələləri təşkil edib.     
Azərbaycan Kommunist Partiyası respublikanın ictimai-siyasi həyatında iştirak edən digər siyasi partiyaları və ictimai birlikləri qazanılan qələbənin daimiliyinin təmin olunmasından ötürü respublikanın siyasi rəhbərliyinin ətrafında sıx birliyə çağırır.
Müstəqil Azərbaycanın siyasi partiyalarından biri, Azərbaycan Kommunist Partiyası olaraq Möhtərəm Prezidentimizin ölkənin iqtisadi və siyasi inkişafını təmin edən qətiyyətli addımlarını dəstəkləyirik və bu sahədə üzərimizə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinə çalışırıq.
Hesab edirik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı  daxili və xarici siyasət nəticəsində ölkəmiz daha da sürətli  inkişafa nail olacaq, dövlətçiliyimizin  qorunmasına etibarlı təminat yaradılacaqdır.
Bayramınız mübarək!

Yaşasın Azərbaycan xalqı!
Yaşasın Müzəffər Ordumuz!
Yaşasın Müzəffər Ali Baş Komandanımız İlham Əliyev!


Hacı Hacıyev
Azərbaycan KP MİK sədri
Bəyanat 2021-ci ilin noyabr ayının 5-də AKP MİK Rəyasət heyətinin iclasında qəbul edilib.

.