Bakıda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü başa çatıb.
Görüşün yekununda birgə Bəyannamə qəbul olunub.
Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü Türkiyədə olacaq.
Bunu Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
M. Çavuşoğlu əlavə edib ki, Bakıda bu gün keçirilən görüşdə üç ölkənin iş adamlarının bir araya gətirmək barədə də razılığa gəlinib.
"Azərbaycan, Türkiyə və İran birgə tarixi ənənələrə malikdir".
Bunu isə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıda Azərbaycan və Türkiyənin XİN başçıları Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib. O bildirib ki, üçtərəfli format çox vacibdir: "Tranzit, enerji və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsini müzakirə etdik. Qərara gəldik ki, Azərbaycanla əlaqələrimizdə özəl sektorun payını da inkişaf etdirək".
"Üçtərəfli görüşdə Fələstin-İsrail məsələsini müzakirə etdik. Biz bəyan etmişik ki, ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarını qəbul edə bilmərik".
Bunu öz növbəsində xarici işlər naziri Elmar Məmmədyarov Bakıda iranlı və türkiyəli həmkarları ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, bununla bağlı sabah BMT Baş Assambleyası tərəfindən qətnamə layihəsinin qəbul edilməsi təklif olunub.
"Azərbaycan, İran və Türkiyə hər üçü qətnamənin lehinə səs verəcək", - deyə o qeyd edib.
