2020-ci ilin 9 ayında Azərbaycan iqtisadiyyatı əsas iki amilin təsirinə məruz qalıb. Pandemiya və neft qiymətlərinin tənəzzülə uğraması ilə ölkədə ÜDM 3,9 faiz azalıb.

Bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının “Transition report 2020-21” hesabatının Azərbaycan iqtisadiyyatı ilə bağlı hissəsində qeyd edilib.

2021-ci ilin əsas prioritetləri kimi dövlət sektorunda islahatların aparılması, eləcə də, dövlət müəssisələrinə nəzarət edəcək mexanizmin yaradılmasının ən yaxşı beynəlxalq korporativ idarəetmə təcrübəsi kimi qiymətləndirilb.

Həmçinin, maliyyə sektorunun tənzimləməsində Mərkəzi Banka keçid edilməsinin iqtisadi islahatları daha da gücləndirəcəyi vurğulanıb.

Enerji sektorunda isə islahatların davamlı olaraq həyata keçirilməsinə ehtiyac duyulduğu bildirilib. Enerji bazarının inkişafının iqtisadiyyata gələcək zərbələrə qarşı dayanıqlılığı gücləndirəcəyi açıqlanıb.

ÜDM-nin 2020-ci ilin ilk 9 ayında ötən ilə nisbətən 3,9 faiz, qeyri-neft və qaz sektorunun isə 2,4 faiz azaldığı qeyd edilib. 

İqtisadi geriləmənin ardınca müəyyən dərəcədə canlanmanın olacağı, 2020-ci ildə ölkə iqtisadiyyatının 3 faizlik göstəricidə azalacağı, 2021-ci ildə özünü 2,5 faizlik göstəricidə bərpa edəcəyi gözlənilir.

Eləcə də əlavə edilib ki, Azərbaycanın “Şahdəniz” qaz yatağından Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya qaz tədarükü 2020-ci ilin sonuna kimi həyata keçiriləcək. Layihə ilə Azərbaycanın illik qaz istehsal gücü təxminən üç dəfə artacaq.

.