Azərbaycanın Qarsdakı Baş Konsulluğu Naxçıvanın Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidovun Türkiyədə həbs edilməsinə münasibət bildirib.
Konsulluqdan AzVision.az-a bildiriblər ki, hadisə ilə bağlı onlarda rəsmi məlumat olmasa da baş konsul Ayxan Süleymanov gömrük rəisinin həbsinin səbəbini araşdırır.
Qeyd edilir ki, yaxın saatlarda həbslə bağlı daha geniş məlumat veriləcək.
Türkiyə mətbuatının yazdığına görə, Naxçıvanın Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidov İstanbuldan Qarsa gələndə təyyarədən endikdən sonra rüşvət və qaçaqmalçılıq əməliyyatı çərçivəsində saxlanılıb.
Onun həbsinin İğdır Dilucu sərhəd keçid məntəqəsi əməkdaşlarına qarşı irəli sürülən ittihamlarla bağlı olduğu deyilir.

***
12:21

Dövlət Gömrük Komitəsi (DGK) Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidovun Türkiyədə saxlanılmasına münasibət bildirib.
DGK-dan APA-ya bildirilib ki, hazırda M. Seyidovun saxlanması səbəbləri ilə bağlı komitə araşdırma aparır.
Qeyd edək ki, M. Seyidov dekabrın 17-də İstanbuldan qayıdarkən Qars hava limanında təyyarədən endikdən sonra Türkiyə Daxili İşlər Nazirliyi Əmniyyət Müdirliyinin (polis təşkilatı) Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

***
12:05

Novoye-vremya.com türk internet mediasına istinadən xəbər verir ki, Azərbaycan Gömrük Komitəsinin zabitlərindən biri, Naxçıvanda yerləşən Sədərək gömrük idarəsinin rəisi Mirməhəmməd Seyidov Türkiyənin Kars şəhərində həbs edilib.
Məlumata görə, Seyidovu Kars şəhər mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinin əməkdaşları həbs ediblər.
Gömrük idarəsinin rəisini Karsdan İqdıra gətiriblər. Hazırda Azərbaycanın İqdır şəhərindəki konsulu Asiman Əliyevin İqdır şəhər polis idarəsində olduğu bildirilir.
.