Bu gün Azərbaycan və Fransa iş adamlarının iştirakı ilə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası təsis ediləcək.
Bunu Bakıda keçirilən Fransa Azərbaycan biznes forumunda iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib.
Onun sözlərinə görə, bu gün tədbirdə 200 azərbaycanlı və 90 fransalı iş adamı iştirak edir. Tədbir çərçivəsində 10-dan artıq kommersiya sazişinin imzalanması nəzərdə tutulub.
Nazir qeyd edib ki, iqtisadi sahədə Fransa ilə Azərbaycan arasında 17 sənəd, ümumilikdə isə 45 sənəd imzalanıb.
"Fransa Azərbaycan arasında keçən il ticarət dövriyyəsi 1 mlrd. 560 mln. Dollardan artıq olub. Bu il isə bu rəqəm 370 mln. dollardan artıqdır. Ötən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 50% artıb. Maliyyə sahəsində isə 1 mlrd. dollarlıq layihələr həyata keçirilib”, - deyə Ş. Mustafayev qeyd edib.
O, əlavə edib ki, Fransa Azərbaycana 2,4 mlrd. dollar həcmində investisiya yatırıb: "Bunun 2,2 mln. dolları neft qaz sənayesinə, 2 mln. dollar qeyri neft sektoruna investisiya qoyulub”.
Ş . Mustafayev deyib ki, Fransa Azərbaycana investisiya yatıran xarici ölkələr arasında 9-cu yerdədir. "Amma qeyri-neft sektoru sahəsinə investisiya yatırılmasında boşluq var. Fransa şirkətlərini Azərbaycanın qeyri-neft sektoruna sərmayə qoymağa dəvət edirəm”.
.