“Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası” (AFBİA) İctimai Birliyinin növbəti ümumi yığıncağı keçirilib.

Yığıncaqda “BTB Kapital İnvestisiya Şirkəti” və “Unicapital İnvestisiya Şirkəti” ASC-lər Assosiasiyanın İdarə Heyətinə (İH) üzv qəbul olunub.

Bununla da, İH-nin üzvlərinin sayı Milli Depozit Mərkəzi (MDM), “Bakı Fond Birjası” (BFB), “AzFinance İnvestisiya Şirkəti”, “İnvestAZ İnvestisiya Şirkəti” və “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-lərlə birlikdə 7-yə çatıb.

Daha sonra AFBİA-nın növbəti 2 il müddətinə İH sədrinin seçilməsi üzrə səsvermə keçirilib. Səsvermə nəticəsində, “PAŞA Kapital İnvestisiya Şirkəti”nin direktoru Ceyhun Hacıyev sədr seçilib.O, bu vəzifədə "İnvest-Az İnvestisiya Şirkəti"nin direktor müavini Ceyhun İbrahimovu əvəz edib.

Yığıncağın sonunda isə Azərbaycan Mərkəzi Bankından yenicə lisenziya almış “ABB İnvest İnvestisiya Şirkəti” ASC-nin öz müraciəti əsasında, Assosiasiyanın üzvlüyünə daxil edilməsi ilə bağlı qərar qəbul olunub. Hazırda ölkəmizdə müvafiq lisenziyaya uyğun fəaliyyət göstərən bütün investisiya şirkətləri, həmçinin BFB və MDM Assosiasiyanın üzvüdür.

.