Britaniyanın "The Economist İntelligence Unit" araşdırma şirkəti ("Economist” jurnalının analitik bölməsi) dünyanın 109 ölkəsində ərzaq təhlükəsizliyinə dair illik hesabatını açıqlayıb.
Virtualaz.org saytı xəbər verir ki, 2014-cü il üçün ərzaq təhlükəsizliyi hesabatı 109 ölkəni əhatə edir.
Sənəddə deyilir ki, ərzaq təhlükəsizliyi dövlətin sosial-iqtisadi inkişafının ən başlıca göstəricilərindən biridir. Hesabat müəllifləri "ərzaq təhlükəsizliyi” deyəndə bütün insanların hər an onların gündəlik sağlam və aktiv həyat tərzi keçiməsinə yetəcək qədər keyfiyyətli və qidalı ərzağa çıxış imkanlarını nəzərdə tutur.
Hesabata daxil edilən ölkələr üç kateqoriya üzrə təhlil olunub: ərzaq məhsullarının insanlar üçün nə dərəcədə əlçatan olması, kifayət qədər ərzaq məhsullarının mövcudluğu və ərzaq məhsullarının keyfiyyət və təhlükəsizlik səviyyəsi.
Hesabat hazırlanarkən beynəlxalq təşkilatların və milli institutların məlumatlarındna istifadə olunub.
Sənəddə deyilir ki, dünyada ərzaq təhlükəsizliyi sahəsində liderlik edən ölkə ABŞ-dır. ABŞ-ın əsas üstünlüyü onun iqtisadi dayanıqlı olmasında, əhalinin yüksək gəlir səviyyəsində, kənd təsərrüfatının və loqistikanın inkişafında, insanların istədikləri vaxt keyfiyyətli və təhlükəsiz qidalar əldə etmək imkanlarının olmasındadır.
ABŞ-dan sonra Avstriya və Niderland gəlir. İlk onluqda Norveç, Sinqapur, İsveçrə, İrlandiya, Kanada, Almaniya və Fransa yer alır.
Rusiya isə Türkiyə və Venesuelanın arasında yerləşir və 40-cı pilləni tutur. Azərbaycan 109 ölkə arasında 62-ci yerdədir. Onun "qonşuları” Boliviya və Hondurasdır. Ərzaq təhlükəsizliyi sahəsində ən bərbad vəziyyətin hökm sürdüyü ölkələr Burundi, Çad, Madaqaskar, Toqo və Konqodur.
Qeyd edək ki, Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı xüsusi Dövlət Proqramı mövcuddur və bu sahədə göstəriciləri yaxşılaşdırmaq üçün hər il kənd təsərrüfatına yüz milyonlarla manat subsidiyalar verilir. Lakin kənd təsərrüfatına ayrılan yardımların heç də təyinatı üzrə xərclənməməsi və bu sahədə hökm sürən korrupsiya ərzaq təhlükəsizliyi sahəsində inkişaf etmiş ölkələrin göstəricilərinə yaxınlaşmağa mane olan əsas amillərdən biridir.
.
