Azərbaycan ərazisində müharibə və hərbi cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdiriləcək.
“Report” xəbər verir ki, bu, Azərbaycanın Xarici İşlər Nazirliyini Vaqif Xaçatryanın həbsi ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına dair şərhində yer alıb.
Qeyd edilir ki, Ermənistan tərəfi 30 ilə yaxın işğal dövründə azərbaycanlılara qarşı soyqırımı daxil insanlıq əleyhinə cinayətlər və kütləvi qırğınlar törədilməsinə görə məsuliyyət daşıyan şəxsləri müdafiə etmək və onların əməllərini ört-basdır etmək əvəzinə, onların cinayət məsuliyyətinə cəlb edilməsi işinə dəstək verməlidir: “Bunun əksinə, Ermənistan Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi işlər barədə qarayaxma kampaniyası aparması, bu ölkənin müharibə cinayətlərini dəstəkləməsindən və bəraət qazandırmasından başqa bir şey deyil.
Azərbaycan tərəfi ölkəmizin ərazisində müharibə və hərbi cinayətlər törətmiş şəxslərə qarşı müvafiq cinayət işinin başladığını son 30 ildə dəfələrlə açıq şəkildə bəyan edib, onlar barədə beynəlxalq axtarışlar elan edilib və istintaq tədbirləri çərçivəsində, ölkə qanunvericiliyinə və beynəlxalq təcrübəyə uyğun olaraq onların məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək”.