Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısı start götürüb.
III dövrənin ilk oyun günündə iki matç baş tutub.
XV tur paytaxt derbisi ilə başlayıb. “ASK Arena”da “Keşlə” “Zirə”ni qəbul edib. Turnir cədvəlinin ikinci yarısında qərarlaşan Sənan Qurbanovun yetirmələri “Sabah”a çatmaq üçün qalib gəlməli idi. Lakin Rəşad Sadıqovun komandası buna imkan verməyib. "Keşlə"nin uzun müddət azlıqda çıxış etdiyi görüşdə "Zirə" Mohamed Hamdauinin yeganə qolu sayəsində qələbə qazanaraq, turnir cədvəlində 3-cü pilləyə yüksəlib.
Günə Azərbaycan derbisi ilə yekun vurulub. Son çempion “Neftçi” çempionatın lideri “Qarabağ”ı qəbul edib. Cari mövsümdə rəqibindən xal ala bilməyən Samir Abasovun komandası uğursuz seriyanı yenə qıra bilməyib. Kadi Borqesin dublu ağdamlıları iki top fərqilə önə keçirib. Son dəqiqələrdə fərqi minimuma endirən “Neftçi” bərabərlik topu üçün təzyiqi artırsa da, istəyinə çata bilməyib. Bununla “Qarabağ” çempionluq yolunda daha bir önəmli addım atıbsa, “Neftçi” 4-cü pilləyə yuvarlanıb.
Qeyd edək ki, turun sabah keçiriləcək matçlarında “Sabah” “Qəbələ”ni, “Səbail” “Sumqayıt”ı qəbul edəcək.
Azərbaycan Premyer Liqası
XV tur
7 fevral
16:00. “Keşlə” – “Zirə” - 0:1
Qol: Mohamed Hamdaui, 45
19:00. “Neftçi” – “Qarabağ” - 1:2
Qollar: Mert Çelik, 82 - Kadi Borqes, 25, 62