Bu ilin yanvar ayında Azərbaycanda magistral qaz kəmərləri ilə 3 549,3 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 12,2% çoxdur.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qazın nəqlinin 45,3%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, bu kəmərlə 1 607,1 mln. kubmetr qaz ötürülüb (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 50,1%-lik artım).

Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilib. Kəmərin uzunluğu 980 km, diametri 42 düymdür.

Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinə ilk ixrac olunan qaz 2007-ci ilin martında vurulub. Boru kəməri 1-i Azərbaycanda, 3-ü Gürcüstanda olmaqla 4 qaz təhvili stansiyasına malikdir.

.