Azərbaycan Dövlət Neft Şirkəti Albaniyanın qazlaşdırılması planının hazırlanması üçün "Western Balkan İnvestment Framework” şirkətinə 1,1 milyon avro verib.
Virtualaz.org saytı bu barədə Balkan mənbələrinə istinadən xəbər verir.
Xəbərə görə, Albaniyanın qazlaşdırılması layihəsinin hazırlanmasına Transadriatik Qaz Kəməri (TAP) layihəsinin idarə heyəti də dəstək verir.
Qeyd edək ki, Albaniyada qaz kəmərləri şəbəkəsi yoxdur və bu kasıb Balkan ölkəsi Azərbaycan qazının TAP kəməri vasitəsilə Avropaya nəqlinə ölkəni qazlaşdırmaq şansı kimi baxır.
TAP kəməri ilə nəql olunacaq Azərbaycan qazının bir hissəsinin Albaniyaya satılması məsələsi çoxdandır gündəmdədir. Ancaq bu məsələ ətrafında mübahisələr var. Belə ki, Albaniya ilə yanaşı Qərbin Balkanlarda yaratdığı, Azərbaycanın tanımadığı dövlət - Kosovo da qazsızdır və bu ərazidə etnik albanlar yaşayır. Ona görə də Albaniya qazlaşdırma layihəsinə Kosovonu da daxil etməyə çalışır.
Bu ilin fevralında Albaniyada keçmiş və indiki baş nazirlər məsələ ətrafında polemikaya girərək bir-birlərini ittiham etmişdilər. Belə ki, keçmiş alban baş naziri Sali Berişa Albaniyanın TAP layihəsində iştirakına dair razılaşma imzalayanda çoxları bunun ölkəyə son 20 ildə ən iri investisiya yatırımına səbəb olacağını gözləyirdi. Çünki TAP layihəsi çərçivəsində Albaniyaya 1 milyard dollar investisiya yatırmaq planlaşdırılırdı.
TAP kəməri Azərbaycan qazını Türkiyənin Yunanıstanla sərhədində qəbul edib Albaniyaya, oradan isə Adriatik dənizinin dibi ilə İtaliyanın cənubuna çıxarmalıdır.
Lakin Albaniyanın indiki baş naziri Edi Rama sələfi Sali Berişanı ittiham edir ki, o, TAP kəmərinin tikintisini ölkənin qazlaşdırılması ilə bağlaya bilməyib. Belə ki, Albaniyanın özünün təbii qazpaylayıcı şəbəkəsi yoxdur. Hətta son illər tikilmiş çoxmərtəbəli binalarda belə qaz yoxdur və ölkədə istiliyə olan tələbat əsasən elektrikin hesabına ödənilir.
Albaniya hökuməti çalışırdı ki, TAP kəmərinin çəkilməsi ilə yanaşı ölkənin qazlaşdırılmasını da həll etsin. Albaniyanın qazlaşdırılması layihəsinin ARDNŞ-ə veriləcəyinə dair xəbərlər də yayılmışdı.
Baş nazir E.Rama deyir ki, onun sələfi Bakını TAP-la bağlı sərfəli razılaşmaya inandıra bilməyib. Nəticədə Albaniya digər iştirakçı ölkələr kimi layihədə payçı kimi yer ala bilməyib, keçmiş hökumət ölkənin qazlaşdırılması üçün heç nə etməyib.
Sali Berişa isə xələfini ittiham edərək deyir ki, TAP layihəsinin məqsədi Azərbaycan qazını İtaliyaya nəql etməkdir və Albaniyanın qazlaşdırılmasını bu layihəyə bağlamaq mümkün deyil.
S.Berişa həmçinin deyir ki, Azərbaycan rəsmi olaraq Albaniyanın TAP-da payçı kimi yer almasına razı ola bilməzdi: "Azərbaycan Albaniyaya və Kosovoya dost ölkədir. Lakin hamı bilir ki, bu ölkənin Dağlıq Qarabağ problemi var və bu problemə görə Azərbaycan Kosovonun müstəqilliyini tanıyıb onu layihəyə daxil edə bilməz”.
Balkan mediası sual edir: belə vəziyyətdə Balkanlarda Kosovo adında müstəqil dövlətin yaradılması layihəsinin müəllifləri olan Vaşinqton və Brüssel necə hərəkət edəcək? Onlar öz "sevimli övladlarının” TAP-a qoşulması üçün Bakıya təzyiq göstərəcəklərmi?
Lakin indi məlum olur ki, ARDNŞ Albaniyanın qazlaşdırılması layihəsini üzərinə götürməyə hazırdır və layihənin işlənib hazırlanması üçün artıq 1,1 milyon avro vəsait də ayırıb. Bununla belə layihənin Kosovonu da əhatə edib-etməyəcəyi məlum deyil.
ARDNŞ-in Albaniyada qazpaylayıcı kəmərlər sistemini çəkməsi kommersiya baxımından sərfəlidir. Çünki şirkət bu ölkəyə Azərbaycan qazının satışında və parakəndə satışında söz sahibi olacaq. Ancaq digər tərəfdən, qazlaşdırma Kosovonu da əhatə etsə, bu məsələ siyasi baxımdan ciddi qalmaqal yaradardı.
P.S. ARDNŞ-in Albaniyanı qazlaşdırmaq planını cızmaqda olduğu bir vaxtda Azərbaycanın özündə qaz üzünə həsrət qalan rayonlar və yaşayış məntəqələri kifayət qədərdir.
.
