Azərbaycanın dünyanın nüfuzlu dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri dinamik inkişaf edir. Respublikamızın Cənubi Qafqazdakı mövqeyini, iqtisadi potensialını yüksək qiymətləndirən ölkələr Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərirlər. Belə dövlətlərdən biri də Albaniyadır. Azərbaycan ilə Albaniya arasında münasibətlər son illər dinamik şəkildə və səmərəli inkişaf edərək, yeni müstəviyə - strateji tərəfdaşlıq səviyyəsinə qalxmışdır.

Albaniya Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Belə ki, rəsmi Tirana 1992- ci il yanvarın 4-də Azərbaycanın müstəqilliyini tanıdığını bəyan etmiş, 1993-cü il sentyabrın 23-də isə iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. Həmin vaxtdan başlayaraq, iki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin getdikcə yaxşılaşdırılmasında, habelə Azərbaycan və Albaniya arasında konstruktiv siyasi dialoq yaradılmasında mühüm rol oynamışdır. Albaniya prezidentləri əvvəlki illərdə Azərbaycana dəfələrlə səfər etmişdilər. Bu il keçmiş Prezident Meta Azərbaycanda səfərdə olub. Eyni zamanda, bu ilin aprel ayında Baş nazir Edi Rama da ölkəmizdə səfərdə olub.

Beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlığa gəldikdə isə xüsusən vurğulamalıyıq ki, iki ölkə arasında əlaqələr bu müstəvidə də inkişaf edib.  Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək  qarşılıqlı olub. Həm işğal, həm də İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatları, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstək yüksək qiymətə layiqdir. Albaniya Prezidenti Bayram Beqayın də mətbuata bəyanatında iki ölkə arasında münasibətlərin getdikcə yaxşılaşacağını vurğuladı. 

Noyabrın 15-də dövlətimizin başçısının Albaniyaya ilk dövlət səfəri  ölkələrimiz arasındakı əlaqələrin inkişafına töhvə verməklə,  gələcək yaxın əməkdaşlıq üçün çox əlverişli imkanlar yaratmış oldu. Cənab Prezident İlham Əliyevin Albaniya Respublikasının Prezidenti Bayram Beqay və Baş nazir Edi Rama ilə görüşləri və müzakirə edilən məsələlər deyilənlərin əyani təsdiqi oldu. Belə ki, Albaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin son illərdə sürətli inkişafı müşahidə edilir. İndiyədək Azərbaycan və Albaniya arasında 8 sənəd, həmçinin “Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş” imzalanıb. Onu da qeyd etməliyik ki, Albaniya 2022-2023-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü, həmçinin Dünya Bankı, UNESCO, NATO, Ümumdünya Ticarət Təşkilatı, Avropa Şurası, ATƏT və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkədir. 2014-cü ildən Avropa İttifaqına üzvlüyə rəsmi namizəddir. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və Aralıq dənizi İttifaqı da daxil olmaqla Enerji Birliyinin qurucu üzvlərindən biridir. Beləliklə, iqtisadiyyat, diplomatiya və ticarət sahələrində özünün ən yaxşı dövrlərindən birini yaşayan Azərbaycanın  bir çox dövlətlərlə, eyni zamanda Albaniya ilə münasibətləri Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığı bir dövrdə mühüm əhəmiyyət kəsb edir.

Ölkələrimiz arasında mövcud olan münasibətlərdən, bunun inkişafı meyillərindən belə bir nəticə hasil olur ki, Azərbaycan-Albaniya əlaqələri yaxın gələcəkdə daha da inkişaf edəcək və bütövlükdə regionda sülhə, sabitliyə, demokratik inkişafa, sosial-iqtisadi yüksəlişə təkan verəcəkdir.

Anar MƏMMƏDOV,
Milli Məclisin deputatı

.