Azərbaycan FHN rəhbəri Kəmaləddin Heydərov şəxsi var-dövlət və özünə sərf etməyən adamların təqib olunması üçün qanunsuz metodlardan istifadə etməklə ölkədə "paralel dövlət” yaradıb. Öz evini AXCP-yə icarəyə vermiş sahibkar Azər Əsgərov belə bəyanatla çıxış edib. Qeyd edək ki, Nərimanov rayonunda yerləşən bu bina martın 3-də sökülüb.
Martın 14-də RATİ-nin ofisində keçirdiyi mətbuat konfransında o, binanın qəzalı olması barədə FHN-nin fikirlərini rədd edib.
Belə ki, vaxtilə Əsgərov özü binada möhkəmləndirmə işləri ararıb. "Bina qəzalı olsaydı, beton örtük uçardı, 80 tonluq ekskavatorun ağırlığna davam gətirməzdi”, - o qeyd edib.
Sahibkarın sözlərinə görə, K.Heydərov onu hədələyib ki, binanı AXCP-yə verdiyinə görə "bina partladılacaq, yandırılacaq, dağıdılacaq”.
Bu hədə-qorxular A.Əsgərovun FHN-də məsul vəzifə tutan qardaşı Yavər Əsgərovun vasitəsilə çatdırılıb. Biznesmen qardaşının səs yazısını jurnalistlərə təqdim edib.
"Məndə başqa yazılar da var, onları da İnternetdə yayımlayacam”, - o vurğulayıb.
A.Əsgərov bildirib ki, Türkiyədə olan oğlanlarına da hədə-qorxu dolu zənglər gəlir.
"Kəmaləddin Heydərov 300 milyona izləmə sistemi alıb və hamının izlənməsi, dinlənilməsi üçün ondan istifadə edir. O, "paralel dövlət” yaradıb. Kimdir o, nə edir? Bəyəm milli təhlükəsizlik naziridir?”, - Əsgərov qeyd edib.
O həmçinin FHN-dəki bərbad sistemdən, əməkhaqların zərflərdə ödənilməsindən danışıb. "Onda bu pullar haradandır? Bəlkə atası Fəttah pul çap edir? Bunlar xalqdan oğurlanmış pullardır”.
"Bu gün Kəmaləddin Heydərov mənim evimi sökür, sabah Azərbaycan xalqı onun evini başına uçuracaq. Onlar bütün Azərbaycanı alıblar”, - Əsgərov qəzəblənib.
O bildirib ki, geri çəkilməyəcək və FHN-i məhkəməyə verəcək, çünki bina qanunsuz sökülüb. Onun ailə üzvləri Türkiyə vətəndaşlarıdır, onlar da hüquqi yardım üçün Türkiyə dövlətinə müraciət edəcəklər, orada da istintaq başlayıb.
Evin mülkiyyətçisi kimi Əsgərova kompensasiya verilməyib. "Mənə dedilər ki, yer verəcəklər, mən də söylədim ki, yenidən AXCP-yə verəcəm”, - o qeyd edib.
A.Əsgərov bildirib ki, əgər onun başına bir iş gələrsə məsuliyyəti Kəmaləddin Heydərov daşıyacaq.
A.Əsgərov heç zaman Yeni Azərbaycan Partiyasının üzvü olmaması barədə partiyanın mətbuat katibi Hüseyn Paşayevin sözlərini təkzib edib və YAP təsis konfransının iştirakçısı olduğunu bildirən sənədi və üzvlük biletini göstərib.
.