"Azenco” ASC-nin və Sumqayıt Texnologiyalar Parkının (STP) 8 minə yaxın işçisi yanvar-fevral aylarının maaşını ala bilmir. Hakim ailəyə aid şirkətlər maliyyə problemlərinin səbəbləri ilə bağlı şərh vermir.
Yüksək voltlu elektrik ötürücü xətlərinin tikintisində işləyən "Azenco” ASC işçilərindən biri Turan-a bildirib ki, onlara ayda 250 manata qədər cüzi əmək haqqı verilir. Maaşa əlavə olaraq, gündəlik 5 manat ezamiyyət pulu ödənilir. "Biz səsimizi çxara bilmirik, belə ki, hamı iş yerini itirməkdən qorxur”, deyə özünü təqdim etməkdən imtina edən gənc bildirib.
STP-də də analoji vəziyyət yaranıb. Burada orta aylıq əmək haqqı təxminən 400 manat təşkil edir.
"Azenco” ASC-nin ümumi şöbəsinin rəis müavini Mirzə Mirzəyev əmək haqlarının ödənişində uzunmüddətli gecikmənin səbəbini söyləməkdən imtina edib. O, şirkətə yazılı müraciət etməyi xahiş edib.
"Azenco” ASC "İNTERENERJİ” şirkətinə məxsusdur. 2009-cu ilin dekabrında şirkət "Azenco” şirkətinin 97.5 % həcmindəki payına sahib olaraq investisiya müsabiqəsinin qalibi elan olunub. STP "Azenco” ASC ili eyni qrupa daxildir. 2009-cu ildə "Azenco”nun aktivləri 500 mln. dollar olaraq qiymətləndirilirdi.
.
