Reportyorların Azadlıq və Təhlükəsizlik İnsitutunun (RATİ) ofisində "Azadlıq” qəzetinin çapını dayandırması ilə bağlı mətbuat konfransı keçirilib. Mətbuat konfransında qeyd olunub ki, tədbir qəzetin çapının dayandırılması və üzləşdiyi böhranlı vəziyyətlə bağlıdır.
Tədbirdə media nümayəndələri ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən xarici ölkələrin səfriliklərinin nümayəndləri, QHT əməkdaşları, eləcə də ayrı-ayrı siyası partiyaların nüamyəndələri iştirak edidlər.
Çıxış edən "Azadlıq” qəzetinin redaktoru Rahim Hacıyev bildirib ki, son dövlər onlar tez-tez ictimaiyyətə müraciət ediblər: "İl yarımdır ki, hakimiyyət azad mətbuata qarşı kampaniya aparır. Hakimiyyət azad mətbuatı müxtəlif yollarla boğmağa çalışır. Artıq qəzet satışının bel sütünü olan əl yayımı rəsmən qadağan olunub. Arxasınca məhkəmə işləri başladı. 2012-ci ilin aprel ayında qəzetdə getmiş bir materiala görə, Prezident Administrasiyası qəzeti məhkəməyə verdi. Biz onların nəzərinə çatdırdıq ki, ölkə başçısı və hakimiyyət barədə bütün dünya mətbuatında materiallar çap olunub. "Azadlıq” qəzeti də həmin materialları çap edib. Metropoliten rəisi Tağı Əhmədov 30 min manatlıq məhkəmə iddiası ilə çıxış etdi. Biz onunla razılaşdıq. Amma, sonradan o bu razılaşmanı pozdu və məbləği tələb etdi. "Binə” bazarının rəhbəri Kəbirə Məmmədova da qəzetin əməkdaşı Ramin Dekonu və qəzeti cərimələtdirdi. Məhkəmə qəzetin hesabına həbs qoydurdu”.
R.Hacıyev bildirdi ki, oktyabr ayından "Azadlıq”, "Yeni Müsavat”, "Bizim Yol” qəzetlərinə qarşı kampaniya aparılır: "”Qasid” firmasının "Azadlıq” qəzetinə 50 min manat borcu var. Bu oktyabr ayına qədər olan məbləğdir. "Azadlıq” qəzetinin rəsmən çökdürülməsi prosesi aparılır. "Azərbaycan nəşriyyatı”da bizi yerləşdiyimiz redaksiyadan çıxarmaq istəyirlər. Səbəb yığılıb qalan borclardır. Biz nəşriyyat rəhbərliyinə çatdırdıq ki, biz sizə olan borcumuzu ödəyə bilmirik. Qəzeti yaymağa qoymurlar, bank hesablarımıza həbs qoyublar, ard-arda məhkəmə çəkişmələrimiz var. Bu məbləği hardan və necə ödəyək? Çalışdıq ki, onlarla yenidən söhbət edib, müddəti uzadaq. Amma, bu mümkün olmadı”.
R.Hacıyev vurğuladı ki, qəzetə edilən yardımlar borcu ödəməyə imkan vermir: "Eyni zamanda qəzet işçilərin maaşını verə bilmir. Dünyanın börd bir yanında böyük projelər keçirən hakimiyyət qəzetə heç bir yardım etmir, əksinə çalışır ki, bütün vasitələrlə qəzeti birdəfəlik bağlasın. Hakimiyyət dünyaya mesaj verir ki, biz ölkəni Türkmənistana çeviririk. İctimaiyyətin üzərinə böyük iş düşür. Demokratik təsisatlar qorunmalıdır. Qəzetin xilası, söz azadlığının xilası deməkdir”.
Çıxış edən tanınmış hüquqşunas Aslan İsmayılov ölkədə fəaliyyət göstərən, hüquq müdafiəçilərinin, QHT nümayəndələrinin tədbirdə iştirak etməməəsindən gileyləndi: " Vaxtı ilə Heydər Əliyev "Azadlıq” qəzetinə təbrik məktubu göndərmişdi. H.Əliyev yazmışdı ki, mən istəyirəm qəzet tənqidi ruhda yazılara davam etsin. İndiki hakimiyyət heç YAP qurucusunun bu istəyinə belə hörmət etmir. Qəzetin ayağda qalması üçün bütün imkanlarımızı cəlb etməliyik. Mən həmişə "Azadlıq” qəzetinin yanında olmuşam, bundan sonra da olacam”.
DEVAM sədri Hacı İlqar İbrahimoğlu bildirdi ki, fərqi düşünməli və müzakirələr genişləndirməlidir:"Durum ağırdır. Amma, kifayyət qədər uğurlu və ağıllı addımlar atılmalıdır. Abunə yazılmaq prosesini gücləndirmək lazımdır. Vətəndaş cəmiyyəti bütöv olaraq, bu prosesə dur demələdir. Qəti əminəm ki, düzgün strategiya seçilsə, problem həllini tapacaq. Bu "Azadlıq”ın birinci çətin vəziyyəti deyil. İnanıram ki, qəzet bu problemini tez bir zamanda həll edəcək”.
Milli Şuranın üzvü İbrahim İbrahimli isə vurğuladı ki, seçkidən sonra beynəlxaq birlik bu hakimiyyəti qəbul etmir: "Gerçək demokratlar bilir ki, indiki hamiyyət "qırmızı xətti” keçib. Qəzet haqsız yerə həbs olunanları sona kimi müdafiə edib. Bunun özü belə hakimiyyəti narahat edir. Hakimiyyət nə etsə belə, qəzet mübarizəsindən bir addım belə geri qayıtmayacaq. "Azadlıq” qəzeti həm demokratiyanın, həm də istiqlaliyyətin simvoluna çevirilib”.
"Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirdi ki, öncə məqsədləri müəyyən etmək lazımdır: "Mətbuat konfransında siyasi çıxışlar, çağırışlar olur. Bu yanlışdır. Qəzet çıxanda buna davam edərsiniz. Çünki, bura toplaşmağımızın əsas məqsədi qəzetin üzləşdiyi çətin durumdan xilas etməkdir. Maliyyə vəsaitinin toplanması ilə bağlı kampaniyalar aparılmalıdır. Abunə yazılımı davam etməlidir. Sosial şəbəkələrdə aparılan kampaniyalar daha da gücləndirilməlidir. Bundan da ağır dalğalar olub və olacaq. Konkret vəsait əldə etmək üçün proqram müəyyən olunmalıdır. "Yeni Müsavat” bir günə qəzetə minlərlə abunə qazandırdı. Bunu "Azadlıq” qəzeti də edə bilər”.
Milli Şura üzvü Gültəkin Hacıbəyli qeyd etdi ki, "Azadlıq” qəzeti də abunə marafonu keçirməlidir:"Konkret iş görülməlidir. Buna abunə marafonu ilə başlanıla bilər. Avropanın bir parçası olmağa hazırlaşan Azərbaycan hakimiyyəti digər yandan ölkə mediasına qarşı basqıları davam etdirir. Mən hakimiyyəti sağlam məntiqə və düşünməyə dəvət edirəm. Demokratik fikirləri tapdalamaqla, ölkədə normal cəmiyyət yarada bilməzlər”.


.