
2024-cü ilin sonuna kimi işğaldan azad edilmiş ərazilərdə 10 mindən çox keçmiş məcburi köçkün evlə təmin edilib.
Bu barədə "2026-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilib. Qeyd edilib ki, ortamüddətli dövrdə əhalinin dayanıqlı məskunlaşması üçün ərazilərdə ilkin şərtlərin yaradılması planlaşdırılır. Belə ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “ağıllı şəhər və ağıllı kənd” konsepsiyaları əsasında yaşayış və qeyri-yaşayış komplekslərinin inşası davam etdiriləcək. Bu əsasda bütün bölgə qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcək və turizm infrastrukturu bərpa olunacaqdır. Bununla yanaşı, bölgənin tranzit potensialından faydalanmaq üçün qabaqcıl infrastrukturun qurulması, “ağıllı” biznes modellərinin yaradılması və səmərəli bərpa olunan enerji mənbələrindən istifadə genişləndirilməklə “yaşıl enerji zonası” konsepsiyasının tətbiqi 29 nəzərdə tutulur. Kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sisteminin qurulması da nəzərdə tutulan tədbirlər sırasındadır. Bölgənin ölkə iqtisadiyyatının tərkibinə reinteqrasiyası məqsədilə ixracyönümlü dəyər zənciri qurulacaq və dayanıqlı iş yerləri yaradılacaqdır.
Ümumilikdə 2020-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5,3 milyard manat vəsait ayrılıb, 2025-ci ildə bu məqsədə 4,0 milyard manat vəsait nəzərdə tutulub.
.